Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdəki sıxlıqdan danışıb. Nazir bildirib ki, hazırda bəzi məktəblərdə bu problem mövcuddur: "Ölkə üzrə göstəricilərə baxdıqda orta məktəblərdə şagird sayı qanunvericiliyə uyğun həyata keçirilir. Ancaq bəzi ərazilərdə və yaşayış məntəqələrində vətəndaşların daxili miqrasiya məsələlərindən irəli gələrək bir sıra məktəblərdə sıxlıq müşahidə olunur. Bu məsələnin tənzimlənməsi üçün bəzi hallarda iki növbəli tədris təşkil olunur".
Nazir bildirib ki, məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq.
Orta məktəblərdəki sıxlıq probleminin 3-4 ildir ki, mövcud olduğunu deyən təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu Sherg.az-a bildirdi ki, həm təhsil ekspertləri, həm də valideynlər bu durumdan narahatdırlar:
“Mən də bu məsələ ilə bağlı çətinlik yaşayıram. Hazırda nəvəm 2-ci sinifdə oxuyur və məktəbə getmək üçün kilometrlərlə yol getməlidir. Yaxınlıqdakı məktəblərdə yer yoxdur. Bütün yerlər tutulub”.
Ekspert: "Xırdalanda5 saylı orta məktəbində 2 qat artıq uşaq təhsil alır"
Ekspertin fikrincə, Təhsil Nazirliyi problemi həll etmək gücündə deyil:
“Çünki məsələnin həlli üçün ancaq iki yol var. Birbaşa olaraq orta məktəblər tikilməlidir və nazirliyin belə bir imkanı yoxdur. İkinci yol isə mövcud olan villaları və ya binaları icarəyə götürərək məktəb kimi istifadə etmək olar. Düşünürəm ki, ikinci yol Təhsil Nazirliyi üçün daha əlverişlidir. Məktəblərin tikilməsi və təmin olunması olduqca çətin və uzun prosesdir. Xırdalanda 5 saylı orta məktəbində 2 qat artıq uşaq təhsil alır. Həmin məktəbdə 5 min uşaq var. Halbuki 2 min nəfər üçün nəzərdə tutulub. Uşaqlar məktəbə sanki qarışqa kimi tökülüşürlər. Təbii ki, belə olan halda təhsilin keyfiyyətindən də danışmaq çətindir”.
İki növbəli tədrisin təşkil olunmasına gəlincə ekspert bildirdi ki, onsuz da məktəblərin çoxusu iki növbəlidir:
“Əsasən də sıxlığı olan məktəblərdə iki növbəli rejim var. Ona görə də bəlkə üç növbəli məktəblər nəzərdə tutula bilər. Bu, mümkün olan haldır. Yəni, birinci növbə dərslər saat 8-dən başlayıb saat 12-də, ikinci növbə dərsləri isə 4-də bitər. Daha sonra isə 3-cü növbənin dərsləri başlayar. Hazırda ən ağrılı məsələ orta məktəblərdə sıxlıqdır.
Güman edirəm ki, istəsələr, bu problemi həll edə bilərlər. Məktəblərin bir çoxunu iki, eyni zamanda üç növbəli edərlər. Müxtəlif reqlamentlər tətbiq etməklə çıxış yolu tapmaq mümkündür. Amma ilin-günün bu vaxtında belə məsələni müzakirə etmək ayıbdır. 3-4 il bundan qabaq bir növbəli məktəblərə keçmişdilər, bəs indi nə oldu? Daxili miqrasiya məsələsini isə özləri tənzimləyir. Rayon və kənd yerlərində şərait yaratsalar, uşaq niyə qaçıb Bakıya gəlsin ki? Deməli, yaşaya bilmir ki, Bakıya üz tutur. Təbii ki, bu problemi də dövlət həll etməlidir”.