Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılıb.
Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.
Mövzu ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan son illər dünyada mövqeyini daha da möhkəmləndirməkdə, nüfuzlu beynəlxalq qurumlar və dövlətlərlə əməkdaşlıq əlaqələrini genişləndirməkdədir. Qeyd edib ki, müstəqillik əldə etdikdən sonra ölkəmizin beynəlxalq səviyyədə dəstəklədiyi ən mühüm təşəbbüslərdən biri tarixi İpək Yolunun bərpası layihəsidir. Bu sahədə həyata keçirilən tədbirlərdən danışan akademik ölkəmizin İpək Yolu layihəsinin tarixi-mədəni və humanitar istiqamətlərinin inkişafında da maraqlı olduğunu, müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə YUNESCO ilə sıx əməkdaşlıq etdiyini nəzərə çatdırıb.
Qeyd olunanlar nəzərə alınaraq AMEA-nın Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması qərara alınıb və akademik Şahin Mustafayev mərkəzin direktoru təyin edilib.