“Təhsil haqqında” qanunda göstərilir ki, hər sinifdə 20 nəfər olmalıdır, praktiki olaraq isə 25 nəfərdən artıq uşaq yığılmamalıdır”.
Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bir sinifdə 25 şagird təhsil alırsa, həmin sinifdə tədris prosesini səmərəli qurmaq mümkündür:
“Lakin bəzən çoxlu binalar tikilir və əhali sıxlığı yaranır. Məktəb sayı isə azdır. Həmin siniflədə 30-40 nəfər uşaq olur. Ancaq təhsildə belə bir qayda var: əgər sinifdə 25 nəfərdən çox uşaq yığılır və say 30-u keçərsə, onda ikinci sinif açılmalıdır. İkinci sinif açılmalıdırsa, ora yeni bir müəllim də təyin olmalıdır. Əgər ibtidai sinifdirsə, əlavə ibtidai sinif müəlliməsi üçün vakansiya açılmalı, yuxarı siniflərdirsə, fənn üzrə müəllimlər cəlb olunmalıdır. Hesab edirəm ki, bu pedoqoji tələb yerinə yetirilməlidir, bir son verilməlidi”.
K.Əsədov qeyd edib ki, bir sinifdə 30-40 şagirdin olması tədrisi zəiflədir:
“Düşünürəm ki, Azərbaycanın təhsillə bağlı zəngin təcrübəsi var. Ondan istifadə edilməlidir. Bəzən deyirlər ki, hansısa ölkədə bir sinifdə 30-40 şagird təhsil alır. Bəlkə də həmin siniflərdə şagirdlərə, sadəcə olaraq ümumi məlumat verirlər və fənləri dərindən öyrətmək istəmirlər.
Bizim öz təcrübəmiz var. Həm öz təcrübəmizə, həm də elə qanunumuza görə bir sinifdə 25 nəfər şagird olmalıdır. Bir sözlə, şagirdlərin sayı artırsa, ikinci, üçüncü sinif yaratmaq lazımdır. Bundan başqa, davamlı olaraq yeni binalar tikilməlidir”.
Təhsil eksperti bildirib ki, məktəblərdə olan sıxlıq Azərbaycan təhsilində şagirdlərin keyfiyyətli biliyə yiyələnməində müəyyən maneçilik törədir və bu aradan qaldırılmalıdır:
“Düşünürəm ki, təhsili idarə edənlər məktəblərdə uşaq sıxlığı probleminə ciddi diqqət yetirməlidirlər. Təhsilin məqsədi gənclərə müəyyən biliklər, vərdişlər öyrətməkdir. Sinifdə şagird sayı çox olduqda, bu vərdişlər ötürülmür. Sinifdə sıxlıq nəticəsində səs-küyün səviyyəsi qalxır, uşaqlar bir-biri ilə him-cim etməyə başlayırlar və dərsin səviyyəsi sıfıra enir.
Məktəblərdə dərs elə təşkil olunmalıdır ki, biliyin ötürülməsi maksimum həddə çatsın. Tədqiqatlar göstərir ki, sinifdə şagird sayı 25-dən yuxarı olduqda sinif idarəolunmaz hala gəlib çıxır. Ona görə dövlət tərəfindən tədris üçün çəkilən xərc, müəllimlərin əziyyəti boşuna gedir”.
K.Əsədov əlavə edib ki, hazırda sayı 30 nəfərdən artıq olan siniflər çoxluq təşkil edir və məktəblərin əksəriyyətində paralel siniflər təşkil olunmur:
“Dərslər bir otaqda 30-35 şagirdə tədris olunur. Xüsusən də ibtidai siniflərdə (I-IV) şagird sıxlığı daha çox yaşanmaqdadır. Hazırda Azərbaycanın 4 472 orta məktəbində 1.5 milyona yaxın şagirdə 151 000 müəllim dərs keçir. Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 000-dən çox idi. Lakin burada heç bir ixtisar olmayıb. Bu, optimallaşdırılma nəticəsində mümkün olub.
Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmağa ehtiyac duyulur. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılması da vacibdir. Düşünürəm ki, optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini təşkil etmək lazımdır.
Xarici ölkələrdən nümunə olaraq deyim ki, Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir, hazırda Bakıda bir müəllimə düşən şagirdlərin sayı isə 12-dir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas istiqamətlərdən biri də dünya standartlarına uyğun tədrisin sisteminin qurulmasıdır. Fikrimcə, müəllim-şagird nisbətinin dünya standartlarına uyğun qurulması maliyyələşdirməyə və təhsilin inkişafına təsir göstərəcək".
Ekspert son olaraq bildirib ki, Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır:
"Buna görə də hesab edirəm ki, gənc kadrların orta ümumtəhsil məktəblərinə yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var. Artıq 2 ildir şagirdlərin birinci siniflərə qəbulu zamanı ərazi üzrə yaşayış meyarı əsas götürülür. Bu, sosial ədalət prinsipini qoruyur. Bir çox hallarda valideynlər övladlarını digər ərazilərdə yerləşən məktəblərə yollayırdı. Bu zaman həmin məktəbin mikroərazisində sıxlıq formalaşır”.
Qeyd edək ki, bir neçə gün əvvəl təhsil naziri Ceyhun Bayramov da hazırda bəzi məktəblərdə şagird sıxlığı problemi olduğunu bildirib:
“Bu sahədə ölkə üzrə göstəricilərə baxdıqda orta məktəblərdə şagird sayı qanunvericiliyə uyğun həyata keçirilir. Ancaq bəzi ərazilərdə və yaşayış məntəqələrində çoxlu sayda vətəndaşın daxili miqrasiya məsələlərindən irəli gələrək bir sıra məktəblərdə sıxlıq müşahidə olunur”.
Nazir qeyd edib ki, bu məsələnin tənzimlənməsi üçün bəzi hallarda iki növbəli tədris təşkil olunur:
"Məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq”.