Təhsil Nazirliyi yeni sosial kampaniyaya start verib. Məqsəd ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır.
Belə ki, nazirlik valideynlərin, məktəb rəhbərlərinin, həmçinin geniş ictimaiyyətin diqqətinin bu məsələyə cəlb edilməsi məqsədilə "Mənimlə Danış" sosial kampaniyasına start verir. Bununla bağlı maarifləndirici sosial çarx hazırlanıb.
Bu cür kampaniyaların aparılmasının hansı müsbət tərəfləri var və nə dərəcədə faydalıdır?
Təhsil eksperti Qoşqar Məhərrəmov Lent.az -a bildirib ki, Təhsil Nazirliyinin bu cür videoçarx hazırlaması məqsəduyğundur və faydalıdır: “Video gözəl hazırlanıb. Amma məzmun bir az daha izahedici olsa, daha yaxşı alınardı. Videoya baxan hamı-ümumxalq mesajı tam başa düşməyə bilər. Düşünürəm ki, bu cür videolar davam etdirilməli və öz mesajını daha açıq çatdırmağa çalışmalıdır”.
Ekspert qeyd edib ki, məktəblərdə şagirdlər zaman-zaman müəyyən təzyiqlərə, zorakılığa məruz qalırlar: “Uşaqlar öz aralarında istismara məruz qala bilirlər. Bəzən bu şifahi istismar, psixoloji, emosional istismar olur. Əgər valideynlər və müəllimlər uşaqlara öz dərdlərini danışmaq üçün bir qapı açmırlarsa, onların dərdini danışa biləcəkləri insan yoxdursa şagird özü problemlərlə mübarizə aparmalı olur və çox zaman da o problemlərin altında qalır. Ya depresiyaya düşür, ya da öz canına belə qıya bilir”.
Ekspertin sözlərinə görə, bu cür problemlərin qarşısına almaq üçün ictimai təbliğatın aparılması çox vacibdir: “Yəni müəllimlər, valideynlər şagirdlərə qarşı qapılarını hər zaman açıq qoymalı olduqlarını bilməlidirlər. Açıq qapı siyasətini yeritməlidirlər. Onlar gəlib problemini danışmağa çalışanda, onun məhrəmiyyətini, şəxsiyyətini qorumalı olduğunu bilməlidirlər. Şagird problemini müəlliminə və ya valideyninə deyəndə qarşıdakının ona, sadəcə, qulaq asması, yanında olduğunu deməsi kifayət edir. Nəinki onu danlamaq, istiqamət vermək, tənqid və təhqir ifadə edən sözlər işlətmək”.
Q.Məhərrəmov qeyd edib ki, xaricdə orta və ali məktəblərda təhsilalanlar üçün dəstək mərkəzləri var. Həmin mərkəzlərdə təhsil psixoloqlarının və digər mütəxəssislərin fəaliyyət göstərdiyini deyən müsahibimiz onların şagirdlərə dəstək olmağa çalışdıqlarını bildirib.