"Tariximizə sahib çıxaq" - Tarix İnstitutunda tədbir keçirildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Tariximizə sahib çıxaq” mövzusunda dəyirmi masa keçirilib. İnstitutdan bildirilib ki, dəyirmi masada dövlət və dövlətçiliyimizi müdafiə, tarixi şəxsiyyətlərimizin fəaliyyətinin saxtalaşdırılmasına qarşı mübarizə və digər məsələlər müzakirə olunub.

Görüş zamanı Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov son illərdə dövlətimizin başçısının təşəbbüsü, çağırışları və tapşırıqları ilə elmi müəssisədə aparılan araşdırmalar barədə geniş danışıb.

Yaqub Mahmudov Tarix İnstitutunun beynəlxalq əlaqələri haqqında görüş iştirakçılarını məlumatlandırıb: “İnstitut Türkiyə, Rusiya, Çin, Bolqarıstan, Polşa, Misir və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir”.

Erməni yalanlarına qarşı aparılan mübarizədən danışan akademik institutun hər zaman bu istiqamətdə effektiv çalışmalar ortaya qoyduğunu, bundan sonra da bu istiqaməti davam etdirəcəklərini vurğulayıb. O, bu işlərə ictimaiyyət tərəfindən dəstək verilməsini, təbliğat baxımından səyləri birləşdirməyi, Vikipediyada və sosial şəbəkələrdə tarixi mövzularda aktiv olmağı vacib sayıb.



İnstitutun direktoru deyib ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var: “Tariximizə sahib çıxmalıyıq. Tarixinə sahib çıxan xalq yenilməzdir. Tarixinə sahib çıxmayan xalq isə məhvə məhkumdur”.

Görüşdə iştirak edən tarixçi alim Hacı Həsənov, araşdırmaçı-jurnalist Anar Turan, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü və başqaları bildiriblər ki, əsas məqsədləri Azərbaycan dövlətçiliyinə xidmət etməkdir. Araşdırmaçılar Tarix İnstitutu ilə koordinasiyalı fəaliyyətə ciddi ehtiyac duyulduğunu vurğulayıblar. Onlar gələcəkdə birgə tədbirlər, görüşlər və müzakirələr təşkil etməyi önəmli sayıblar.

Sonda görüş iştirakçıları gələcəkdə dövlətçiliyimizin müdafiəsi istiqamətində, Azərbaycan tarixinin təbliği yönümündə birgə işlər görməyi razılaşdırıblar. İştirakçılara Tarix İnstitutunun nəşrləri təqdim olunub.