Dövlət qulluğu üçün sınaq imtahanlarına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçirəcək.

DİM-dən verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə noyabrın 1-i və 8-i tarixlərində keçiriləcək.

İmtahanlar saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq noyabrın 1-i və 8-i tarixlərində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək.