“Fransada azərbaycanlıların elmi diasporunun yaradılması geniş imkanlar yaradacaq”
Fransada azərbaycanlıların elmi diasporu yaradılıb. Dekabrın 14-də Paris şəhərində Azərbaycan Respublikasının Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində Fransadakı Azərbaycanlı elmi diasporunun ilk görüşü keçirilib. Görüşdə Fransanın bütün regionlarından gələn əlliyə yaxın azərbaycanlı elmlər namizədi və doktorantlar, həmçinin magistr tələbələri iştirak edib.
Daha sonra görüş iştirakçıları ilə birlikdə Fransada elmi diasporun gələcək məqsədləri, vəzifələri, öhdəlikləri ətrafında fikir mübadiləsi aparılıb .
Yaradılan yeni diasporanın Azərbaycan elminə verəcəyi töhfələrlə bağlı fikirlərini “Şərq”lə bölüşən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra məlum oldu ki, bizim elm, təhsil sistemində dünya ölkələri ilə müqayisədə çox gerilik var:
“Bunun aradan qaldırılması üçün ilk növbədə o ölkələrin təcrübəsindən istifadə etmək lazımdır. Bunun üçün isə bir neçə format mövcuddur. Öncə gənclərin həmin ölkələrdə təhsil almağa göndərilməsi, ikincisi, həmin ölkələrdən mütəxəssislərin cəlb edilməsi, üçüncüsü isə ikitərəfli münasibətlərin qurulması üçün mərkəzlərin yaradılması. Bu gün Fransa elm, təhsil inkişaf baxımından dünyada öndə gedən ölkələrdən biridir. Digər tərəfdən isə bizim Fransa ilə qarşılıqlı əlaqələrimiz var. Orada yüzlərlə azərbaycanlı gənc yaşayır və təhsil alır. Onların təcrübəsinin öyrənilməsi və təbliği istiqamətində diaspor təşkilatlarının olması çox labüddür. Diaspora təşkilatları bir çox hallarda siyasi, iqtisadi fəaliyyətlə məşğul olurlar. Amma Fransada elm, təhsil istiqamətində belə bir mərkəzin təsis edilməsi ölkələr arasında münasibətlərin daha da inkişafına, Azərbaycan elminin dünyaya inteqrasiyasına geniş imkanlar yaradacaq”.