"İndi şagirdlər həm də "oynayaraq öyrənək" prinsipi ilə bilik əldə edəcək, asudə vaxtlarını səmərəli keçirəcəklər"
Təhsil Nazirliyi bu həftənin şənbə günündən "Mədəniyyət" kanalında yeni "Dərsdən sonra" adlı verilişin yayımına start verəcək.
Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, 40-45 dəqiqəlik proqramda məktəbdən kənar fəaliyyətlə bağlı mövzulara toxunulacaq: "Söhbət rəqsdən tutmuş, rəsm, musiqi və məktəbəqədər yaşda uşaqların diqqətində olan məsələlərlə bağlı televiziya proqramının yayımından gedir. Güman edirəm ki, bu proqram məktəblilərimizin diqqətini cəlb edəcək və xoşlarına gələcək".
Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.
Təhsil Nazirliyinin "Dərsdən sonra" layihəsi ilə bağlı "Sherg.az"a münasibət bildirən təhsil eksperti Kamran Əsədov bunun müsbət effekt verəcəyini dedi:
- Orta ümumtəhsil məktəbləri şagirdlərə təkcə bilik vermir. Eyni zamanda müəyyən bacarıqlar formalaşdırır, şəxsiyyət yetişdirir. Karantin rejimi elan olunduqdan sonra teledərslər, distant dərslər vasitəsilə şagirdlər bilik əldə bilirdilər. Ancaq digər məsələlər qalırdı. Məhz bu boşluğu doldurmaq məqsədilə start veriləcək "Dərsdən sonra" layihəsi olduqca uğurludur. İndi şagirdlər həm də "oynayaraq öyrənək" prinsipi ilə bilik əldə edəcək, asudə vaxtlarını səmərəli keçirəcəklər.