“Vəziyyət yenidən pisləşərsə, yəqin ki, belə olacaq. Amma ən düzgün addımı hökumət atacaq”
Gürcüstanda məktəblər sentyabradək açılmayacaq. Bu barədə baş nazir Giorgi Qaxariya məlumat verib. Hökumət başçısının sözlərinə görə, dərslər onlayn tədris prosesi qaydasında davam edəcək. "Təhsil sentyabrın 1-dək bərpa edilməyəcək"- deyə Baş nazir açıqlamasında qeyd edib.
Eyni təcrübənin bizdə də tətbiq olunması ehtimalı ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Almaz Həsrət hələ dəqiq bir söz deməyin çətin olduğunu vurğuladı:
"Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verəcək. Əminəm ki, hökumət ən düzgün addımı atacaq. Bizdə vəziyyət Gürcüstandakından qat- qat yaxşıdır. Əslində qonşu ölkədə bu qərarın verilməsinin əsas səbəbi də yoluxanların sayının yenidən artmasıdır. Bu baxımdan Azərbaycanda analoji qərara ehtiyac olmadığını düşünürəm. Vəziyyət belə davam edərsə, məktəblər may ayının 4-dən açıla, yuxarı sinif şagirdləri dərslərə başlaya bilərlər. Çünki onlar izolyasiya qaydalarına əməl etməyi bacarırlar. Amma bu, ibtidai sinif şagirdləri üçün çətinlik yarada bilər. Həm də məktəbə buraxılmazdan əvvəl mütləq hər kəsin hərarəti yoxlanılmalıdır. Onu da deyim ki, məktəblərin sentyabradək açılmaması da mümkündür. Vəziyyət yenidən pisləşərsə, yəqin ki, belə olacaq".