Repetitor və şagirdlərin işi çətinləşir - “Çıxış yolu distant təhsildir, bir şərtlə ki…”

“İmkansız ailələri nəzərə almaq vacibdir. Axı hər şagirdin kompüteri, telefonu yoxdur”

“Odur ki, siyahı tutulmalı və həmin ailələrə texniki cəhətdən yardım edilməli idi”



Pandemiya dövründə fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair qaydalar müəyyənləşib. Bu baradə Azərbaycan respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyanın profilaktikası haqqında metodiki vəsaitdə məlumat verilib. 

Göstərilən qaydalardan ən çox diqqət çəkəni onlayn tədris prosesinə üstünlük verilməsidir. Müəllim və şagirdlər bunu birmənalı qarşılamayıblar. Məsələ barədə "Sherg.az"a danışan təhsil eksperti Almaz Həsrət düşünür ki, bu, tələsik verilmiş qərar idi: 



"Başa düşürəm, indi fors-major dövrdür. Amma müəllim və şagirdləri nəzərə almaq lazım idi. Birincisi, heç də hər müəllim texnologiyanın imkanlarından istifadə edə bilmir. Bizdə 2013- cü il İKT ili elan olunmuşdu. Qərara alınmışdı ki, distant təhsilə keçirilsin. Lakin baş tutmadı. Çünki kadr çatışmazlığı var. Əvvəlcə, bu problemi həll etmək lazımdır. İkincisi isə imkansız ailələri nəzərə almaq vacibdir. Axı hər şagirdin kompüteri, telefonu yoxdur. Odur ki, siyahı tutulmalı və həmin ailələrə texniki cəhətdən yardım edilməli idi. Hətta məktəblərdəki texniki vasitələri də şagirdlərə müvəqqəti olaraq vermək mümkün idi. Yəni həll var. Əsas odur, bəhənə axtarmayaq". 

A.Həsrət başqa bir vacib məqam haqqında da danışdı. Onun fikrincə, növbəti aylar müəllimlər üçün çətin olacaq:

 "Repetitorlar bir dərs saatı zamanı orta hesabla on şagirdlə məşğul olurlar. Tövsiyə edilir ki, şagirdlərin sayı azaldılsın. Deməli, müəllim hər dərs saatında, yəni iki və ya üç saatda bir, iki sagirdlə məşğul olmağa, dolayısı ilə bütün gününə işə ayırmağa məcburdur. Axı o da yorulur. Yəni ən optimal çıxış yolu distant təhsildir. Bir şərtlə ki, problemlər həll edilsin".