“Öyrənilməyən materiallar şagirdlərə problem yarada bilər” – Təkrar keçilsin !

Mart ayından etibarən tətbiq olunan onlayn tədris ortaya ciddi problemlər çıxarıb. Şagirdin texniki imkanları -kompüter, planşet və interneti varsa, dərslərdə iştirak edə bilir. Lakin onlayn tədris dərs proqramlarını tam çatdırmağa imkan vermir". 
Bu sözləri "Sherg.az"a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti əyani tədrisə icazə verdikdən sonra şagirdlərin məktəbə uyğunlaşması dövrü başlayacaq:



“Yəni birbaşa şagirdlərə akademik biliklərin öyrədilməsi nəzərdə tutulmur. Tədris üç mərhələdə həyata keçiriləcək. Öncə bir həftə şagirdlərin məktəbə adaptasiya prosesi gedəcək.

İndiyənə qədər uşaqlar 3 ay yay tətilində məktəbdən uzaq qalırdı. Sentyabr ayında dərsə başlayanda müəyyən uyğunlaşma problemləri yaranırdı. Xüsusilə də ibtidai sinif şagirdlərində bu hal müşahidə edilirdi. İkinci məsələ dərs saatlarıdır. Müəyyən qədər tənəffüslərin sayı artırılacaq. Şagirdlər informasiya yükünə məruz qalmayacaq.

Sonra pandemiya dövründə keçirilməyən mövzular təkrar ediləcək. Həmin mövzular sürətləndirilmiş proqramla uşaqlara çatdırılacaq. Çünki öyrənmədikləri materiallar yuxarı siniflərdə onlara ciddi problem yarada bilir.

Tədris prosesində fənnlər arası əlaqə var. Hansısa mövzunun öyrənilməməsi problem yaradır. Əsas dərinləşdirilmiş, sürətləndirilmiş proqramla şagirdlərə keçirilməyən mövzuların yenidən çatdırılmasıdır. Əlbəttə, yeni dərsliklərin hazırlanması da gündəmdədir.

Onlar üçün xüsusi proqram əsasında dərsliklər hazırlanmalıdır. Bu kompensasiyaedici təhsil adlanır. İnanıram ki, boşluqlar doldurulacaq. Qeyd etdiyim proqramlar üzərində işləniləcəkdir".