Təhsildən gözləntilərimizi almaq üçün daha peşəkar kadrlara önəm verilməlidir
Kurikulum sistemini yaxşı bilən şəxslər məktəblərə rəhbərlik etməlidir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 15 ümumi təhsil müəssisəsinə yeni direktor təyin olunub. BŞTİ-dən verilən məlumata görə, yeni təyinatlar paytaxtdakı 109, 136, 156, 170, 172, 173, 31, 21, 229, 262, 312, 52, 55, 59, 96 nömrəli tam orta məktəblər üzrə müsabiqəyə çıxarılmış vakant vəzifələri əhatə edib. Yeni təyin olunmuş məktəb rəhbərləri işə qəbul üzrə müvafiq müsabiqənin bütün mərhələlərindən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) uğurla keçmiş şəxslərdir. Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak ediblər.
Ümumi təhsil məktəblərində uğur əldə etmək üçün idarəetmənin düzgün qurulmasının vacib məsələ olduğunu deyən Elçin Əfəndi "Şərq"ə açıqlamasında diqqətə çatdırıb ki, bu işdə məktəb direktorunun üzərinə mühüm vəzifə düşür. Ekspert qeyd edib ki, məktəbin təməl işi tədrisi həyata keçirmək, direktorun əsas vəzifəsi bu prosesi düzgün qurmaq və asanlaşdırmaqdan ibarətdir:
"Hər il orta məktəblərdə direktorların işə qəbulu üzrə imtahanlar təşkil olunur və yeni kadrlar təyin olunur. Əlbəttə ki, bu kadrların seçimində ilkin olaraq gözləntilər böyükdür.
Təcrübə göstərir ki, bu işi liderlik bacarıqlarına malik direktorlar daha yaxşı təşkil edir . Məhz şagirdlərin, müəllimlərin gözlənti və ehtiyaclarını lazımınca qarşılaya bilən, ədalətli, çalışqan və dəyərləndirməyi bacaran məktəb rəhbəri uğurlu direktor kimi qəbul olunur. Məhz liderlik bacarıqlarına sahib direktorun rəhbərlik etdiyi məktəbin müəllimləri işlərinə daha məsuliyyətlə yanaşır, bilik və bacarıqlarını artırırlar. Şagirdlər də dərslərinə daha ciddi hazırlaşır, istedadlarını üzə çıxarmağa çalışır, uğur əldə etməyə həvəs göstərirlər. Yəni gələcəkdə bu cür direktorların fəaliyyəti nəticəsində yüksək nəticələr əldə olunur. Məktəbin nəticəsi, qiymətləndirilməsi yüksək olur və həmin məktəbin şagirdləri ali təhsil müəssisələrində uğurlar qazana bilirlər. Təbii ki, yeni təyin olunan direktorların hər biri kurikulum sistemi ilə tanışdılar. Həmin şəxslər də şagirdləri o istiqamətdə inkişaf etdirməyə çalışırlar. Ona görə də düşünürəm ki, müvafiq olaraq təyinatların verilməsi təkcə bu 15 məktəblə bitməməlidir. Çünki başqa-başqa rayonlara və yaxud da Bakı şəhərinin tabeliyində olan rayonların hər birinə müasir təhsil standartlarına cavab verən məktəb direktorlarının təyin edilməsi vacib və zəruridir. Çünki təhsilin inkişaf etdirilməsini istəyiriksə, biz ilk növbədə yeni kadrlara önəm verməliyik. Əgər kurikulumu bilən kadrlar iş başında olarsa, o zaman bizim təhsildən gözləntilərimiz də böyük olar".
Aynurə Pənahqızı