Professor Yalçın Əlizadən uzun illər Bakı Dövlət universitetinin Jurnalistika fakültəsinin dekanı və Teleradio jurnalistikası kafedrasının müdiri olub. Çoxlarından fərqi odur ki, əxlaq və mənəviyyat adamıdır, ustad qələm sahibi, radio yaradıcılığının ən gözəl tədqiqatçısı, əsl alim və klassik pedaqoqdur. Tələbkarlığı, zəhmliliyi ilə xeyirxahlığı həmişə yanaşı olub. Onu mənə ən çox sevdirən daim şəxsi ləyaqət hissini qoruması, prinsipiallığı və parlaq şəxsiyyətidir.
Böyür-başımızda yaltaqlığın tüğyan etdiyi, elmi dərəcə, şöhrət, orden-medal, mövqe möhkəmləndirmək üçün qələmə sarılıb vəzifə adamlarına saxta mədhiyyələr yazan əldəqayırma professorların çoxaldığı bir vaxtda Yalçın müəllim həmişə ziyalı qürurunu saxlayıb. Ondan tərif umsalar da, Yalçın müəllim oğurluq, rüşvət, korrupsiya hesabına pul və sərvət qazananlara “dövlət adamı” deməyib. Yalnız gerçəyi, doğru olanı deyib və yazıb. Əslində bütün ömrünü namusla yaşayan nəcabətli insanlar başqa cür də ola bilmir.
Yalçın müəllim ümumən ali məktəb tədrisinin, o cümlədən jurnalistika təhsilinin gözəl bilicisi və bacarıqlı təşkilatçıdır. Vaxtilə ölkənin tanınmış alimlərini və praktik media adamlarını jurnalistika fakültəsində dərs deməyə cəlb etməklə tələbələrdə fərqli maraq yarada bilirdi. Məni də əvvəlcə saathesabı dərs deməyə, sonra isə ştata Yalçın müəllim dəvət etmişdi. 1998-ci ildə mənim ştatla müəllimliyə könlümün olmadığını görəndə o vaxt rektoru əvəz edən böyük alim və qiymətli insan kimi tanıdığım akademik Bəhram Əsgərovu da işə qoşmuşdu...
Professor Yalçın Əlizadə o adamdır ki, indiki mənəviyyat böhranı şəraitində insanın şəxsiyyət və ləyaqətinin hər cür vəzifədən yüksək olduğunu dəfələrlə nümayiş etdirib. Həmişə ictimai əxlaqı üstün tutub, əyilməyə alışmış sümüksüz və onurğasız “ziyalılar”dan fərqli olaraq bu əxlaqa uyğun gəlməyən hər hansı davranışa sərt şəkildə “yox” deyə bilib.
O, vəzifə və mənsəb xatirinə haqsızlığın, kobudluğun, ədəbsizliyin qarşısında susmayıb. O səbəbdən ki, heç kimin qarşısında gözükölgəli olmayıb. Bir neçə il əvvəl BDU-da önəmli yubiley toplantısında Yalçın müəllimin çox ağayana və ləyaqətli davranışının şahidi oldum və onunla mənəvo bağlılığıma görə çox sevindim. Həmin toplantıda çıxış edərkən rektorun yekəxana və kobud iradını Yalçın müəllim qəbul etmədi. Nəzakətlə, təmkinini pozmadan həmin anda acı yumorla rektorun cavabını verdi. Ertəsi gün isə onun ərizə yazaraq dekanlıqdan və kafedra müdiri vəzifəsindən imtina etməsi xəbəri bütün universitetə yayıldı. Onu dilə tutmağın xeyri olmamışdı-adam vəzifəni yox, QÜRURU və şəxsi LƏYAQƏTİ seçmişdi. Çoxlarına başa salmışdı ki, insan üçün vəzifə deyil, LƏYAQƏT, ŞƏXSİYYƏT və MƏNLİK hissi önəmlidir.
Professorun bu qürurlu addımı ilə təəssüf ki, fakültənin tarixində ciddi bir mərhələ bitmiş oldu. Bundan sonra diletantlara və mənəviyyat dəllallarına yol açıldı, fakültənin nizamı da xeyli pozuldu.. Yaxşı ki indi vəziyyət dəyişir, çünki yenə də sükan arxasında Yalçın müəllimin əlindən su içənlərdir!
Yanvarın 17-də professorun doğum günü idi. Bu kiçik qeydlərimlə onu təbrik edirəm. Düşünürəm ki, Yalçın müəllimin televiziya və radio yaradıcılığının inkişafı, media sahəsi, jurnalistika elmi, jurnalistika təhsili üçün gördüyü böyük işlər heç vaxt unudulmayacaq... Bir də onun jurnalist üçün vacib olan mənəvi keyfiyyətləri-şərə müqavimət, ruhun diriliyi və əxlaqi bütövlük sahəsində göstərdiyi şəxsi nümunə həmişə yaddaşlarda qalacaq. Ziyalı qüruru ilə yaşamaq böyük xoşbəxtlikdir...
Qulu Məhərrəmli, professor