Fevraldan tədris prosesi qismən bərpa olunmalıdır
"Bu günləri xüsusilə ibtidai sinif şagirdlərinin azsaylı qruplar şəklində məktəbə getməsinə ehtiyac var"
"Azərbaycanda artıq bir ilə yaxındır ki, tədris prosesində məhdudiyyətlər var. Bu da təhsil alanların normal təhsilinə ciddi şəkildə mənfi təsir göstərir. Həmçinin təhsilin əlçatanlığına müəyyən problemlər yaradıb".
Bu sözləri "Şərq"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Təhsil eksperti qeyd edib ki, fevral ayından etibarən Azərbaycanda tədris prosesi qismən və mərhələli şəkildə bərpa oluna bilər:
"Tədris prosesinin açılması ilə bağlı bu həftə Təhsil Nazirliyinin brifinqi gözlənilir. Qeyd edim ki, artıq qardaş Türkiyədə fevral ayında tədris prosesi mərhələli və qismən açılacaq. Eyni zamanda Rusiyada və digər dünya ölkələrində bu proses başlayıb. Cənab Prezident də bir neçə ay bundan öncə vurğulamışdır ki, vaksinasiyadan sonra biz normal həyatımıza qayıdacağıq. Bu günləri xüsusilə ibtidai sinif şagirdlərinin azsaylı qruplar şəklində məktəbə getməsinə ehtiyac var.
Çünki birincilərin onlayn qaydada hərf öyrənməsində, yazmasında çətinliklər görülməkdədir. Həmçinin məktəblərdə artıq birinci yarım il başa çatmaq üzrədir və hələ də qiymətləndirmə prosesi həyata keçirilməyib. Digər tərəfdən 9-11-ci sinif şagirdləri buraxılış, qəbul imtahanları verəcəklər. Onlar da mütləq bu prosesə qoşulmalıdırlar".
Ekspert əlavə edib ki, təkcə orta məktəblər deyil, ali məktəblərdə də ənənəvi tədris prosesi başlanıla bilər:
"Xatırladım ki, ali təhsil müəssisələrinin birinci kursunda oxuyan tələbələr hələ universitet daxilində tədris prosesində iştirak etməyiblər. Habelə, 4-cü kursda təhsil alan tələbələr uzun müddətdir ki, bu prosesdən kənar qalıblar.
Onların diplom işləri, pedaqoji və istehsalat təcrübələri, akademik kəsrləri var ki, bunlar yerinə yetirilməlidir. Semestr imtahanları ilə bağlı müəyyən problemlər var.
Bu problemlərin həlli üçün mütləq şəkildə qismən tədris prosesi bərpa edilməlidir. Ümumiyyətlə, Azərbaycanda gözlənilir ki, təhsilin əlçatanlığı prinsipinin həyata keçməsi üçün fevral ayından etibarən qismən və mərhələli şəkildə tədris prosesi başlanılsın".
K.Əsədov müəllimlərn vaksinasiya məsələsinə də toxunub:
"Hazırkı mərhələdə müəllimlərin vaksinasiyası nəzərdə tutulub. Digər kateqoriyaya isə könüllü olaraq qoşula biləcəklər. 2020-ci ildə istər Dövlət İmtahan Mərkəzi keçirdiyi imtahanlarda, istərsə də orta məktəblərin qismən bərpası zamanı şagirdlər arasında yoluxma qeydə alınmayıb. Yəni onlar sadəcə potensial daşıyıcı idilər.
Ölkədə risk qrupları vaksinasiya olunandan sonra ciddi problem olacağını düşünmürəm. Çünki hər kəs artıq pandemiya dövrünün davranış qaydalarını bilir".