Bəzi repetitorlar zehni qabiliyyətlərini satıb pul qazanırlar

Pandemiya qadağalarına baxmayaraq onlar işlərini davam etdirdilər


Yanvarın 25-dən etibarən hazırlıq kurslarının fəaliyyətinə də icazə veriləcək. Bu barədə Nazirlər Kabinetinin mətbuat katibinin rəhbəri İbrahim Məmmədov məlumat verib. İ.Məmmədov deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılmasına dair yanvarın 16-da qəbul etdiyi qərarda repetitor kurslarının fəaliyyətinə icazə verilməsi də nəzərdə tutulur.

(Bu barədə həmin gün məlumat açıqlanmamışdı - red.) Qərara əsasən, fəaliyyət bərpa olunan iş və xidmət sahələrinin sırasında fərdi tədris və repetitor xidmətləri də var. Repetitorların fəaliyyətinə böyük qruplar halında məşğələlər aparmamaqla icazə verilir. Belə ki, hazırlıq qruplarında maksimum 9 şagird məşğul ola bilər, bundan artıq şagirdin məşğələlərə cəlb olunması karantin rejiminin pozulması hesab ediləcək.

Mövzu ilə bağlı təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq"ə fikirlərini bölüşərkən bidirib ki, bu günləri pandemiya səbəbindən tədrisdən geri qalan şagirdlərin əlavə hazırlığına ehtiyac var. Təhsil eksperti vurğulayıb ki, artıq neçə müddətdir ki, məlum səbəblərdən ölkəmizdə distant təhsil keçirilsə də, bu metod şagirdlərin mövzunu mənimsəməsində o qədər də effektli olmayıb:

"Repetitorluq fəaliyyətinə də məlum səbəblərdən dövlət tərəfindən müəyyən qadağalar qoyulub. Lakin buna baxmayaraq bu və ya digər şəkildə öz fəaliyyətini davam etdirən repetitorlara rast gəlmək mümkündür. Qeyd edim ki, elə ölkələr var ki, orda dövlət sektorunda güclü təhsil verilsə də belə, valideynlər uşaqlarını repetitorlar yanına göndərirlər. Məsələn, Yaponiyada bu praktika mövcuddur. Bizdə də valideynlər uşaqlarını əlavə olaraq hazırlıq kursu və ya repetitora göndərməyə üstünlük verirlər.

Amma Finlandiyada demək olar ki, özəl məktəb belə yoxdur. Ona görə ki, orada vətəndaş cəmiyyəti var. Bizdə isə yoxdur. Orada heç kim camaatın gözünün qabağında çöp belə götürə bilməz və o zaman bütün cəmiyyət ayağa qalxar. Amma bizdə belə deyil. Bizdə repetitorlar öz məhsullarını korlamamaq üçün nə pandemiyaya, nə də ki, ekstremal hallara baxır. Yəni bu proses xeyli müddətdir ki, qadağalara baxmayaraq ölkəmizdə davam edir".

Ekspert əlavə edib ki, repetitor öz zehni qabiliyyətini bazara çıxarır və onu bazarda sataraq əvəzində isə pul qazanır. Bununla da həm onun maddi təminatı ödənilir, həm də cəmiyyətə bilik verir:

"Məhz onların sayəsində abituriyentlər yüksək bal toplaya bilirlər. Əgər dövlət məktəblərin özəlləşməsinə imkan verərsə, o zaman repetitorlara heç bir ehtiyac qalmayacaq. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində təhsil özəl əllərdə olmadıqca təhsil sistemində heç bir inkişafdan söz gedə bilməz".