“Fevralın 1-dən bütün ölkə ərazisində ibtidai siniflər, məktəbəhazırlıq qrupları və icma əsaslı məktəbəqədər qrupların əyani təhsili qismən başlayır”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, böyük şəhərlərdə həftədə üç dəfə olmaqla, digər bölgələrdə sıxlıq imkan verdikcə həftədə 4 və ya 5 dəfə olmaqla tədrisin bərpa olunması ilə bağlı qərar verilib:
“Fevral ayın 1-dən sonrakı iki həftə ərzində V-IX siniflərin, o cümlədən peşə təhsili müəssisələrinin və ali təhsil müəssisələrinin qismən təhsilin bərpa edilməsi ilə bağlı qərarın verilməsi gözlənilir”.
“Bakı şəhərində metropolitenin fəaliyyəti bərpa edilməyib. Növbəti mərhələdə bu qərar verilərsə, V-IX siniflərdə təhsilin əyani formada təşkili daha məqsədəuyğun olar. Xeyli sayda məktəb müəllimi və texniki heyət metrodan istifadə edir”, - deyə nazir bildirib.