Kişi müəllimlərin sayı çox azdır: Fəsadları olacaqmı? – İzah

Bu gün ölkəmizin orta məktəblərində dərs deyən 150 min müəllimin 83 faizini zərif cinsin nümayəndələri təşkil edir. Bakı şəhəri üzrə 308 məktəb direktorundan 205-i qadın, 103-ü kişi direktordur. Bölgələrdə isə 1070 məktəbdə direktor qadın, 2141 məktəbin direktoru kişidir. Məktəblərdə qadınların üstünlük təşkil etməsi məsələsi gündəmdən düşmür. Kimisi durumu müəllimlərin əmək haqqısı, kimisi də qadınların şagirdlərə daha yaxşı, həssas davranacaqları ilə əlaqələndirir.



Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov "Sherg.az"a danışıb. Bildirib ki, qadınların üstünlük təşkil etməsinin səbəbləri müxtəlifdir:

"Bu mövzu dəfələrlə müzakirəyə çıxarılıb. Adətən, məsələni əmək haqqı ilə əlaqələndirirlər. Deyirlər ki, kişilər ailə dolandırmalıdır deyə gəlirli işlərə üz tutur. Həqiqətən də belə tendensiyanın yaranması üçün müəyən şərait yaranmışdı.

2013-cü ildə qəbul olunan təhsilə dair dövlət strategiyasına müəllimlə bağlı prioritet istiqamətdə xüsusi maddə əlavə edildi.

Bu da müəllim nüfuzunun yüksəldilməsi ilə bağlı idi. Strategiyadan  irəli gələn vəzifələrə uyğun olaraq müəyyən işlər görüldü. Əmək haqqının stimullaşdırılması məsələsinə də toxunuldu".

"Xarici ölkələrdə uşaq bağçalarında tərbiyəçiləri kişilər təşkil edir. Onlar uşaqlarla davranışda kişilərin daha effektiv olduğunu düşünürlər. Kişilərə üstünlük verilməsi istiqamətində hazırda yüksəliş var. 

Çox çəkməz ki, bu tendensiya da öz həllini tapacaq. Lakin müəllimlik peşəsində qadınların çox olmasında təhlükə görmürəm.

Bu təbii bir prosesdir. Hər hansı normativ qaydalar tətbiq etmək olmaz".