Şagirdlərin ölümünə sərt reaksiya: “Hanı o məktəbin psixoloqu...?!”  

“...Testlər hazırlasın, məqalələr yazsın. Şagirdlərlə işləməli olan məktəb psixoloqları nə edir?"

 "Direktor və müəllimlər isə ancaq şəkil çəkdirib paylaşmaqdan başqa bir iş görmürlər”

“Məktəblərin elektron resursları nəzarət olunmayan vəziyyət alınıb”

“Müvafiq qurumlar tərəfindən « Tik-tok » və bu kimi platformalara məhdudiyyət tətbiq etməlidir”


Bir neçə gün öncə yayılan 11-ci sinif şagirdləri Əfruz Səmədova və Mətanət Quliyevanın intihar xəbəri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Birgə intihar etdikləri deyilən iki şagirddən biri - Əfruz Səmədovanın ailəsi onun özünü öldürmədiyini iddia edir. Mərhum Mətanət Quliyevanın atası  Elşən Quliyevin sözlərinə görə, qızlar sefi çəkdirirmiş: “Onlar şəkil üçün ora çıxıblar. Biri sürüşüb, digəri də onu tutmaq istəyib. İkisi də yıxılıb. İntiharla bağlı heç bir dəlil yoxdur”.

Hazırda məsələ ilə bağlı istintaq gedir, araşdırma aparılır. 



Təhsil eksperti Kamran Əsədov bu barədə "facebook" səhifəsində paylaşım edib.

Bildirib ki, bir neçə gün əvvəl iki xanım 11 - ci sinif şagirdinin binanın üstünə çıxması və oradan düşüb vəfat etməsi onu çox kədərləndirib:

"Bu hadisənin səbəbi intihardır və ya valideynlərinin dediyi kimi, şəkil çəkmək üçün ora çıxmışdılar, bu istintaq zamanı müəyyən olunacaq. 
Hər iki versiya üzərində araşdırma apardım. İntihar versiyası: mümkündür. Bir tərəfdən pandemiya səbəbindən tətbiq edilən məhdudiyyətlər, digər tərəfdən qarşıdan gələn qəbul və buraxılış imtahanı, eyni zamanda ailədaxili nizam-intizam qaydaları da buna səbəb ola bilər. Bəs o yaşlı şagirdlər ilə işləməli olan məktəb psixoloqları nə edir?".

K.Əsədov qeyd edib ki, 2020-ci ilin martından məktəblərdə tədris onlayn-distant qaydada həyata keçirilir. Onun sözlərinə görə, pandemiya dövrünün yaratdığı psixoloji gərginliyin aradan qaldırılması üçün fəaliyyət çox aşağı səviyyədədir:


"Rusiya və Türkiyə məktəblərində isə pandemiya dövründə psixoloji xidmət və dəstək daha da artırılıb. Digər tərəfdən isə, Türkiyə və Rusiyanın orta məktəblərinin sosial şəbəkələ hesablarında, saytlarında kifayət qədər psixoloji testlər, məqalə və materiallar yerləşdirilib. Bizim orta məktəblərin isə sosial şəbəkə hesabları ancaq Təhsil Nazirliyinin xəbərlərini "copy-paste" edib paylaşmaqdan və ya nazirin, nazirliyin hansısa əməkdaşının müsahibə, statusunu "repost" etməkdən ibarətdir. 

Hanı o məktəbin psixoloqu ki, testlər hazırlasın, məqalələr yazsın".

K.Əsədov paylaşımında məktəblərin saytının isə Nuh əyyamın dövründən qaldığını və ancaq yenədə rəsmi məlumatlar yerləşdirildiyini vurğulayıb:

"Direktor və müəllimlər isə ancaq şəkil çəkdirib paylaşmaqdan başqa bir iş görmürlər. 
11 -ci sinif şagirdləri məktəbə getmədən məzun olacaqlar, amma imtahanlardan sonra nəticələr o şəkil çəkdirən direktor və müəllimlərin olacaq. 
Çox təəssüflər olsun ki, məktəblərin elektron resursları nəzarət olunmayan vəziyyət alınıb. Hamı vaxtını keçirmək, başını saxlamaq formatında işləyir. Sonda da maaş davası edirlər".

Təhsil eksperti sonda əlavə edib ki, müvafiq qurumlar tərəfindən « Tik-tok » və bu kimi platformalara məhdudiyyət tətbiq etməlidir:

"İkinci iddia şəkil çəkdirmək məsələsidir. Həqiqətən də tik-tok və digər platformalarda məktəblilərin xoş olmayan bəzən isə təhlükəli hərəkətlərinin şahidi olduq. Artıq bir çox inkişaf etmiş ölkələrdə belə platformalara məhdudiyyət qoyulması ilə bağlı təcrübə var. Yeniyetmələr diqqət cəlb etmək üçün qeyri-adi nəsə etməyə çalışırlar ki, bu da bəzi hallarda xoş olmayan nəticəyə gətirib çıxarır. 
Vəziyyətdən çıxış yolu var. Yaxşı nəticə əldə etmək olar. Artıq bu istiqamətdə layihə üzərində işləyirik".