Şagirdlərin elektron yerləşdirilməsi şəffaf deyil

Bəzi hallarda direktorlar limiti az qoyurlar, 3-4 yeri əlavə saxlayırlar ki, ordan özlərinə hansısa gəlir əldə edə bilsinlər


I sinif şagirdlərinin elektron qəbuluna başlanılıb. Həmçinin məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər üçün də  elektron yerdəyişmə prosesinə start verilib. Təhsil Nazirliyinin məlumatına görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Növbəti tədris ilindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi də elektron qaydada sözügedən portal vasitəsilə aparılacaq. Qeyd edək ki, I sinfə qəbul artıq 2 ildir ki, aparılır. Elektron yerləşdirmə və yerdəyişmədə məqsəd məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilini həyata keçirməkdir. Bəs prosesin mənfi tərəfləri də varmı?  

Təhsil eksperti Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında qeyd edib ki, ümumiyyətlə, birinci sinfə qəbulun elektron qaydada olması müsbət haldır:

- Bu, şəffaflığın artmasına, valideynlərin daha rahat şəkildə seçim etməsinə imkan yaradır. Bir məqamı qeyd etmək lazımdır ki, birinci sinfə qəbul elektron şəkildə olsa da, bu günə kimi biz digər leqal hallara rast gəlmişik. Xırdalanda məktəb direktoru tanıyıram ki, rəsmi əməkdaşla birlikdə hansısa şagirdi hansısa məktəbə nəyinsə müqabilində qəbul edib. Qəbul prosesi sadədir: bir sinifdə nə qədər şagird olmalıdır, sinif otağının ölçüsü buna imkan verirsə. Məsələn, bir sinif üçün 25 şagird limiti qoyulur.

Bu prosesdə valideynlər rahat şəkildə həmin sinfə qəbul prosesini keçirirlər. Limit bağlanır. Maraqlı proses burdan başlayır. Hansısa valideyn öz şagirdini həmin məktəbə yerləşdirmək istəyəndə, bəzi hallarda direktorun razılığı, bəzi hallarda hətta direktorun razılığı olmadan belə birinci sinfə qəbul prosesi həyata keçirilir.

Sistem əllərindədir, lazım olanda bağlanır, lazım olarsa da açılır. Bir dəfə direktorun özü mənə söhbət zamanı dedi ki, bir şagirdi məcbur qəbul elətdiriblər, çarəsiz vəziyyətdə qalmışam ki, mən bu şagirdi harada əyləşdirim?!. Bəzi hallarda direktorlar limiti az qoyurlar, 3-4 yeri əlavə saxlayırlar ki, ordan özlərinə hansısa gəlir əldə edə bilsinlər.

E.Ramizoğlu bildirib ki, şagirdlərin yerdəyişmə prosesi  elektorn qaydada olsa da, valideynlər bundan əziyyət çəkir: 

- Çünki sistemdə işləri valideyn özü etməlidir. Təbii ki, çox  zaman da edə bilmirlər. Bu zaman başqalarına müraciət edəndə də bu, nəyinsə müqabilində olur. Ümumiyyətlə, sistemə nəzarət vacibdir, ancaq təəssüf ki, yoxdur.