Məryəm Rumıniyada 1-ci yerə layiq görülüb

Balaca rəssam insanların görmədikləri gözəllikləri çəkir

10 yaşlı qızcığazın qazandığı uğurlar, layiq görüldüyü mükafatlar, təltiflərin sayı boyunu çoxdan aşıb

   Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət şöbəsinin 4-cü sinif şagirdi Məryəm Elçin qızı Mövlamlı Rumıniyada keçirilən “Poveste de larna-Winter story” beynəlxalq müsabiqədə 1-ci yerə layiq görülüb. Bu, Məryəmin ilk uğuru deyil. 10 yaşlı qızcığazın qazandığı uğurlar, layiq görüldüyü mükafatlar, təltiflərin sayı boyunu çoxdan aşıb. Məsələn, Məryəm İordaniya səfirliyinin təşkil etdiyi  “İordaniya uşaqların gözü ilə”, həmçinin “Bolqarıstan uşaqların gözü ilə” rəsm müsabiqələrinin də qalibi olub. Məryəm Gimnaziyanın birinci sinfində təhsil alanda ilk fərdi sərgisi təşkil olunub. Təhsil naziri Emin Əmrullayevin imzası ilə təşəkkürnaməsi də var. Məryəmin mükafatlarını saymaqla bitməz. Bu istedadlı balamız haqqında “Şərq”ə anası Aysel xanım danışdı:  

- Məryəmi yaşıdlarından fərqləndirən cəhət təkcə gözəl rəsmlər çəkməsi deyil. Məryəm, özü haqqında danışmağı sevmir. Ümumiyyətlə, az danışan, daha çox düşünən uşaqdı. Məsələn, ailəmizlə gəzintiyə çıxırıq. Bizə adi görünən hadisəni, mənzərəni Məryəm fərqli nəzərlə görür, evə qayıdanda gördüklərini çəkir. O, şəkli çəkəndən sonra biz fərq edirik ki, axı bu mənzərəni və ya hadisəni biz də görmüşdük, amma əhəmiyyət verməmişik. Məryəm isə demək ki, ətrafda baş verənlərə yaradıcı nəzərlə baxır. Bizim görmədiyimiz gözəllikləri görür və rəsmini  çəkir. 

Aysel xanım dedi ki, Məryəm 2-3 yaşından rəsm çəkməyə başlayıb. Çəkdiyi rəsmlər 3 yaşlı uşağın deyil, sanki 10 yaşlı uşağın rəsmi idi. Uşağın istedadını görən valideynləri onu İncəsənət Gimnaziyasına aparıb:

- Biz inanmırdıq ki, Məryəmi Gimnaziyaya qəbul edəcəklər. Gimnaziyaya məlum qəbul şərtləri var. Məryəm isə hazırlıqsız idi. Bir neçə rəsm əsərini təqdim etdik. İmtahan verdi və xəbər gəldi ki, övladınız qəbul olunub. Əlbəttə, çox sevindik. Məryəm Gimnaziyada təhsil almağa başladı və artıq 1-ci sinifdə həmyaşıdları arasında keçirilən rəsm müsabiqəsinin qalibi oldu. Bununla da “ulduzlu” şagirdlər siyahısına daxil oldu. Bu, Məryəmə müəllimlə individual hazırlıq imkanı qazandırdı. Gimnaziyada belə qayda var: “ulduz” alan şagirdlərlə müəllimlər fərdi qaydada dərs keçir. Sonra da uğurları getdikcə artdı, müsabiqələrdə qalib oldu, ilk fərdi sərgisi təşkil olundu... 

Məryəmin Qarabağ müharibəsini, Şuşa qalasını, Qanlı yanvarı əks etdirən rəsm əsərləri var. Həmçinin, pandemiya mövzusunda da. Bu, xüsusi mövzudur:

- Ailəmiz koronavirusa yoluxdu. Mən də, Məryəmin atası da. Atasının vəziyyəti ağır idi. Oksigen balonuna qoşulmuşdu. Mən də xəstəxanada idim. Məryəm və bacıları (qeyd edək ki, Məryəmin kiçik yaşlı əkiz bacıları var – M.R.) nənələrinin yanında qalırdılar. Məryəm zəng edirdi, halımızı soruşurdu. Nəhayət biz xəstəxanadan çıxdıq. Məryəm isə o ağır günlərimizi çəkdiyi rəsm əsərində təsvir etdi. Həkimi isə qanadlı mələk obrazında təsvir edib. Daha çox təbiət mənzərələrini, çiçəkləri çəkməyi sevir. Amma həyatımızda baş verən hansısa təsirli hadisələri, yaddaşında qalanları rəsmdə əks etdirir. Məsələn, 20 Yanvar günü Məryəm evdə idi. Bir neçə gündür Gimnaziyaya da getmirdi, sinifləri karantinə bağlanmışdı. 20 Yanvarla bağlı rəsm əsəri çəkdi. Ümumiyyətlə, uşaqlara mövzuları müəllimləri də verir, özləri də sərbəst, istədikləri mövzuda rəsm çəkirlər. 

Aysel xanım Gimnaziyanın direktoru Aytən Əhmədovaya təşəkkür etməyi də unutmadı: 

- Aytən xanımın əziyyəti çoxdur. Gimnaziyanın şagirdləri istedadları üzrə istiqamətdə çalışmaqdan əlavə daha hansısa sənət növündə məşğul olurlar. Özləri seçir, bəyəndikləri sənət növünü. Məsələn, Məryəm rəssamlıqla yanaşı, tikiş sənətini də öyrənir. Parça üzərində rəsm çəkir. Bunu rəssamlığın bir qolu kimi öyrənir. Fortepiano sinfində təhsil alanlar xor da oxuyur və sair.

Məryəmin rəssamlıq istedadında nəsil-şəcərənin də rolu var. Anası dedi ki, Məryəmin əmisi Rəssamlıq Akademiyasını bitirib. Babası isə memar olub. 

Məryəm kiçik yaşlı bacılarını da qanadlı mələklər obrazında çəkib. Baxmayaraq ki, bacılarının nadincliyinə hərdən hirslənir; rənglər və fırçasından icazəsiz istifadə etdikdə. Amma onları çox sevir. Balaca mələklərdir onlar...