Bu il uşaq bağçalarına işə qəbul onlayn formada mərkəzləşdirilmiş qaydada baş tutacaq. Ötən gün Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bu barədə danışıb. Nazirin sözlərinə görə, sözügedən addım xoşagəlməz halların aradan qaldırılmasına imkan yaradacaq."Bu il vakansiyaların elan edilməsi və işə qəbul aparılacaq. Nümunəvi suallarla bağlı müəyyən dəyişikliklər olacaq. Novruz bayramından sonra ictimaiyyətə əlavə məlumat veriləcək "-, deyə nazir vurğulayıb.
Qeyd edək ki, uşaq bağçaları 2011-ci ildən Prezident İlham Əliyevin sərəncamı ilə icra hakimiyyətlərinin tabeliyində idi. 2021-ci ildə İ.Əliyevin sərəncamı ilə icra hakimiyyəti orqanlarının öhdəliyində olan dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.
Uşaq bağçalarında tətbiq ediləcək yeniliklərlə bağlı "Sherg.az"a açıqlama verən təhsil eksperti Kamran Əsədov son 10 il ərzində qarşıya qoyulmuş məqsədlərə çatılmadığımı bildirib:
"Bu müddət ərzində uşaq bağçalarında bir neçə ciddi problem ortaya çıxdı. Uşaqların qəbulunda qeyri-şəffalıq nəzərə çarpdı. 2011-ci ildə Prezidentin sərəncamına görə, dövlət qurumları xidmətlərini elektron qaydada göstərməli idilər. Uşaq bağçaları və körpələr evinə qəbul qaydalarında fərdi yanaşma tətbiq edilirdi. Direktorların əsassız tələbləri ciddi rol oynayırdı. Kənar tələblərdən sonra uşaqların bağçalara qəbulu aparılırdı.
Mərkəzləşmiş qaydada isə işə heç bir qəbul həyata keçirilmədi. Yerli icra hakimiyyəti orqanları qanunvericiliyin tələbinə zidd olaraq insanları işə götürdülər".
Ekspertin sözlərinə görə, hazırda ölkədə 1693 uşaq bağçası var, 37 min şəxs işləyir:
"2016-cı ildə qəbul edilmiş “Məktəbəqədər təhsil haqqında” qanunun tələblərinə uyğun mütləq sözügedən sahə üzrə ali və orta təhsilli şəxslər çalışmalıdırlar.
Xüsusilə, uşaqların qəbulu prosesində şəfafflıq təmin edilməsi, eyni zamanda işə qəbulun mərkəzləşdirilmiş qaydada keçirilməsi istiqamətində ciddi işlər gözlənilir.
Ardınca qida menyusunun vaxtında və tam uşaqlara verilməsi çərçivəsində müsbət effekt gerçəkləşəcək. Çünki uşaq bağçalarına ayrılmış menyu vaxtında çatdırılmırdı, yeyintilər vardı. Proses test imtahanı ilə reallaşacaq.
Ciddi bir uğurdur. Artıq daha bilikli şəxslərin yer tutmasına qapılar açılacaq".