Azərbaycanlı məktəbli dünyanın məşhur universitetinə təqaüd qazanıb.
"Sherg.az" olaraq Astara rayonu, Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin şagirdi, olimpiada qalibi Salman Hüseynovla həmsöhbət olduq.
O, dünyanın top universitetlərindən biri , Amerika Birləşmiş Ştatların ( ABŞ ) Massaçusest Texnologiya Universitetində (MIT) təhsil alacaq.
S.Hüseynov 2019-2020–ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarında kimya fənni üzrə 2-ci yerin, 2020-2021-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarında isə 1-ci yerin sahibi olub.
Həmçinin 2021-ci ildə Yaponiyada təşkil edilən ICHO-Beynəlxalq Kimya Olimpiadasında (distant) 3-cü yeri əldə edərək bürünc medal qazanıb.
Qeyd edək ki, Salman Hüseynov hazırda Beynəlxalq olimpiada hazırlıq mərkəzində kimya fənni üzrə dərslərdə iştirak edir.
Söhbəti təqdim edirik:
- Necə oldu ki, xarici universitetə üz tutdun?
- Beynəlxalq olimpiadadan medal gətirdikdən sonra belə bir şərait yarandı. Medal gətirən şagirdlər Azərbaycanda istənilən universitetə daxil ola bildiklərinə görə, arxayın şəkildə düşündüm ki, xaricə də sənəd vermək mümkündür.
- Ailən seçimini necə qarşıladı?
- Həmişəki kimi ailəm məni çox dəstəklədi. Onların özləri də xaricdəki yüksək prestijli universitetlərə sənəd verməyimin gələcəyim üçün əhəmiyyət daşıdığını anlayır.
- Xaricdə təhsil almaq istəyən şagirdlərin çoxu sonradan oxuduğu ölkələrdə qalıb karyeralarını Vətəndən uzaqda davam etdirirlər. Bəs, sənin gələcəklər planların nədir?
- Əvvəlcədən plan qurmağı sevmirəm. Hətta öz ixtisasımı belə dəqiqləşdirməmişəm. Lakin hər şeyə rəğmən istərdim ki, dünyada uğurlara imza atım. Azərbaycana da böyük təsir göstərməyimi diləyirəm. Əgər şans düşərsə, oxuyub bitirəcəyim ixtisası elə Azərbaycanda çalışıb, müəyyən sahəni dəyişib, inkişaf etdirməyi sevə-sevə gerçəkləşdirərəm.
- Hələ ixtisasını seçmədiyini vurğuladın. İxtisas seçimində dəyərləndirəcəyin hansı variantlar var?
- Mühəndlislik ixtisaslarından birini seçəcəm. Daim kimya, fizikaya həvəsim olub, elmlə maraqlanmışam. Məncə, elmin birbaşa tətbiqi mühəndislikdən keçir. Təsir etmək, fərq yaratmaq arzusundayamsa, mühəndislik üzrə ixtisaslaşmağım daha düzgündür.
- Maraqlıdır, elmə bu qədər həvəs göstərməyinə, bu istiqamətə yönəlməyinə nələr və kimlər köməklik göstərib?
- Anam ibtiadi sinif, atam isə kimya müəllimidir. Uşaqlıqdan kimya kitablarının əhatəsində böyümüşəm. “Kimya dünyasında” yaşamışam, bu mənada elmə sevgim yaranıb. Ən böyük dəstəkçim atamdır. Ardınca isə olimpiada yolunu davam etdim. Bu istiqamətdən irəliləyib uğurlu olacağımı fikirləşirdim.
- Bəzən gənclərin valideyni ölkədən çıxmağa icazə vermir...
- Belə halın mövcudluğuna təəssüf edirəm. Çünki valideyn övladına sevgi bəsləyir. Bəlkə də, ondan uzaq qalmasını istəmirlər, yaxud xaricdə təhlükə altında olacaqlarını düşünürlər. Hər bir insanın həyatında sərbəstlik, özünü idarəetmə bacarığı formalaşmalıdır. Çünki valideyn həmişə yanımızda olmayacaq.
- Xaricdə təhsil almaq istəyən yoldaşlarına nə tövsiyə edərdin?
- Düzü, xaricdə təhsil almaq əvvəldən məqsədim deyildi. Olimpiadadan medal gətirdikdən sonra bu barədə düşünməyə başladım. Həmyaşıdlarıma məsləhət verərdim ki, məktəb illəri ərzində sevdikləri sahəyə maraq göstərsinlər. Təhsil Nazirliyi Azərbaycanda şagirdlərin özünü ifadə etməsi üçün imkan yaradıb. Şanslardan yararlanmaq lazımdır. Sevərək yönəldiyim sahə olduğu üçün mənə görə iki qat qələbədir.
- Qürbət ölkədə yaşamaq çətin olmayacaq ki?
- Fərqli mədəniyyətə, insanlara uyğunlaşmaq çətin prosesdir. Lakin bunu reallaşdırmaq istəyirəm. Çətin olmaqla yanaşı maraqlıdır. Həm dünyagörüşüm artır, həm də çevrəm, əlaqələrim genişlənir.
- Massaçusets Texnologiya İnstitutunda dərslərin nə vaxt başlayır?
- Növbəti tədris ilindən başlayacaq. Ola bilsin ki, ilkin dərslər onlayn şəkildə keçirilsin.