Məktəbli formaları hər 3 ildən bir dəyişdiriləcək

Valideynlər sosial şəbəkələrdə yenə "qiyamət qopardı"

Kamran Əsədov: "Valideynlərin narahatlığını başa düşürəm. Lakin etiraf edək ki, hazırkı məktəbli formaları 3 il duruş gətirə bilmir, onsuz da"

   Nazirlər Kabinetinin məktəbli formalarının hər 3 ildə yenilənməsinə dair qərarı sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Valideynlər vahid məktəbli formasının niyə dəyişikliyə uğradığını, bu azmış kimi 3 ildən bir dəyişiləcəyini narazılıqla qarşılayıblar.  Məktəbli formalarının yeni modelləri təqdim olunub. Əvvəlki formalardan xeyli fərqli cəhətlər olduğu görünür.  Lakin valideynləri narahat edən məktəbli forması hər 3 ildən bir dəyişərsə, onu digər övladlarına geyindirə bilməyəcəkləridir. Aztəminatlı ailə üçün bu, əsaslı narahatlıq sayılır. Sosioloq Lalə Mehralı da NK-nin məlum qərarının ailələr üçün əlavə problem yaradacağını düşünür. Sosioloq bununla bağlı fikirlərini şəxsi feysbuk səhifəsində bildirib: 

- Bu işin istehsalının başında duran “müəllim” də hər kimdirsə ona əlavə qazanc mənbəyi yaradanlar, sizə valideynlərin “atəşin salamları” var. Qərarın gülünclüyünü bir tərəfə qoyuram, təsdiq olunan model 3 rəngdə istehsal ediləcək - ağ, bej, mavi. Gülməli olan odur ki, 3 modeldə ətək, 2 modeldə köynək var. Budur vahid forma?  Adamın üstündə Allah var, şalvar və gödəkcə bir modeldir, yoxsa neyləyərdik?  Hansı məktəb hansı rəngi istəsə onu geyindirəcək şagirdlərinə. Arada biz valideynlər "çujoy-poxmel" gedirik. Əgər məktəblərin daxili nizamnaməsinə görə öz geyim formalarını seçmək ixtiyarı varsa, bu, nə vahid formabazlıqdır? Bədbəxt kasıb, üzünə durub ölmürsən. Böyük qızının formasını gələn il kiçik qızına geyindirmək istəyən valideyn, sən onlardan çox bilirsən? İl ortasında uşağın məktəbini dəyişib başqasına keçirməli olan valideyn, sən iki dəfə keflənəcəksən.

L.Mehralının rəyinə münasibət bildirənlər də xeyli əsəbi görünür:   

Təranə Məmmədtağıyeva: Bu, layihə üzərində calışanın biznesidir. Böyük kütlə üzərindən qurduğu biznesdir. Müştəriləri əlində çoxluq şəkildə hazırdır. Yaxşı qazanc gətirəcək biznes. Ölcülmüs, biçilmiş yaxşı biznes. Əgər biznes olmasaydı, sagirdlərə pulsuz veriləcəkdi bu geyimlər. Dövlətimizin varlı olduğuna əsaslanaraq dedim bu sözü.
Elçin Bayramlı: Hər il fabrik sahibləri zorla yüz minlərlə paltar satıb milyonlar qazanmalıdır axı. Yəqin nazirliyin də burda maraqları var.

Təranə Məmmdtağıyeva:  Nazirliksiz olar sizcə bu işlər? Tutaq, mənim fabrikim var və mən şagirdlərə "bu geyimi geyinməlisiniz", deyə bilərəm? Yəqin maraqları var, cümləsi nagüman qoydu məsələni. Açıq-açığına qurulmuş biznesdir.

Səxavət Hidayətoğlu: Onsuz da problemləri həll etmirlər, üstündən tullanıb daha da böyüməsinə şərait yaradırlar. Sabah, birisi gün boğazlarından yapışanda ağlayacaqlar ki, bizim nə günahımız vardı ki? Məktəbi ediblər kulis və ticarətxana...  Hərçənd, kompüter mütəxəssisliyini oxuyan bir tələbəyə zorla coğrafiya, musiqi, tarix dərsi keçən sistemdən ağıllı nəsə gözləmək özü də anomaliyadır.

Savalan Talıblı: Allaha and olsun dəlixanadır. Bunu düşünən azacıq da olsa xalqın sosial durumunu düşünsün. Heç kim anlamır ki, bu paltarı ala bilməyən və övladını məktəbə yola sala bilməyən valideyn var. Gündə bir hoqqa çıxartmaq kimə sərf edir? Niyə bəzi işbazların biznes maxinasiyaları təhsilin başında çatlatmalıdır?!

Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında vahid məktəbli formalarının modelinin dəyişməsinin gözlənilən olduğunu dedi:

- Bu, gözlənilən proses idi. Çünki hazırda istifadədə olan vahid məktəbli forması 2010-cu ildə qəbul edilmiş dizayndır. Təklif olunan yeni modellər isə təhsilə maraq qatacaq dizayndır. Əsas üstünlük odur ki, məktəbli qızlar üçün qış aylarında şalvar geyinmək mümkün olacaq. Biz yeni modellərdə həm də müasirləşməni görürük. Bu, yaxşıdır.  Məktəbli formaları 1-2 il geyinildikdən sonra yararsız hala düşür (çünki keyfiyyətsiz tikilir, tez-tez xarab olur, valideyn də məcbur qalıb yenisini alır. Biznes buna deyirlər – M.R.) . NK-nin məktəbli formalarının hər 3 ildən bir dəyişdirmək qərarında bu amil nəzərə alınıb. Məktəbli formalarının 3 ildən bir dəyişdirilməsində məqsəd daha keyfiyyətli olmasını təmin etməkdir. Həm də məktəbli formalarını hər məktəbin Pedaqoji Şurası təsdiqləyir. Hesab edirəm ki, bu məsələdə ciddi bir problem yaranmayacaq.  

Valideynlərin iradlarına gəlincə, K.Əsədov “haqlı iraddır”, dedi: 

- Amma bunu da nəzərdən qaçırmayaq ki, məktəbli formaları heç də həmişə kiçik bacının, ya kiçik qardaşın ölçülərinə uyğun gəlmir. Bu zaman valideyn onsuz da məcbur qalıb yenisini alır. Valideynlərin narahatlığını başa düşürəm. Xüsusilə aztəminatlı ailələr üçün çətindir. Lakin etiraf edək ki, hazırkı məktəbli formaları 3 il duruş gətirə bilmir, onsuz da. Əsas məsələ məktəbli formalarının alınmasına valideynlərin əlçatanlığının təmin edilməsidir. Məncə, qiymətlər əlçatan olacaq.