Tələbələr üçün yeni iş imkanları açılır

Ali məktəblərin profillərinə uyğun müəssisə və şirkətlərlə əməkdaşlığı təqdir olunmalıdır

"Sevindirici olan həm də budur ki, elmi seminar və konfranslarda tələbələrin aktiv iştirakı təmin edilir, tələbələr müxtəlif məzmunlu məruzələrlə çıxış edirlər"

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması

   Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, hər il martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd edilir. Bununla əlaqədar bir neçə gündür ki, paytaxtda, eləcə də regionlardakı ali təhsil müəssisələrində elmi konfrans və seminarlar təşkil olunur. Üstün cəhət budur ki, bu tədbirlər məhz tələbələrin iştirakı ilə keçirilir. Analoji tədbirlərdən biri Azərbaycan Dövlət İqtisad Universitetində baş tutub. UNEC Karyera mərkəzinin dəstəyi və "Kapital Bank"ın təşkilatçılığı ilə tələbələr arasında “Bir ideyam var” layihəsinin təqdimatı keçirilib. Tədbirdə UNEC-in müəllim-tələbə heyəti və "Kapital Bank"ın nümayəndələri iştirak ediblər. 

UNEC-in rəqəmsallaşma üzrə prorektoru, dosent Raqif Qasımov layihənin əhəmiyyətindən danışaraq, tələbələrə bu istiqamətdə fəal olmağı tövsiyə edib. Sonra "Kapital Bank"ın nümayəndələri Məhəmməd İbrahimov və Azadə Hacıyeva təmsil etdikləri bankın fəaliyyət istiqamətləri, vakansiyalar, təcrübə proqramları, layihələr barədə tələbələrə məlumat veriblər. “Bir ideyam var” layihəsi barədə təqdimatla çıxış edən bankın HR üzrə biznes partnyoru Günay Məmmədrəsulzadə bildirib ki, layihə bakalavrın sonuncu kurs və magistr tələbələrinə şamil olunur və innovativ texnologiyaların bank sahəsində tətbiqi, bank üçün yeni rəqəmsal məhsul və xidmət təklifləri, xidmət səviyyəsinin yüksəldilməsi kimi mövzuları əhatə edəcək. Layihəyə son müraciət tarixi 10 apreldir. Qaliblərə "Kapital Bank"dan pul mükafatı, sertifikat təqdim olunacaq və bankda təcrübə keçmək imkanı əldə edəcəklər. Bankın nümayəndəsi Fidan Hüseynova isə “Agile” (çevik) metodu, ümumi prinsipləri və faydaları barədə danışıb. 

Mingəçevir Dövlət Universitetində isə Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin iştirakı ilə XIV elmi konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən konfransda universitetin professor-müəllim heyəti üzvləri, tələbə və magistrlar iştirak ediblər. Konfransda çıxış edənlər son dövrdə universitetdə tələbələrin elmi fəaliyyətə marağının artmasını müsbət dəyərləndirib, təhsilalanların tədqiqat bacarıqlarının inkişafı istiqamətində yaradılan imkanlardan bəhs ediblər. 

Ölkəmizdə elmi potensialın inkişafında tələbə elmi konfranslarının önəmi vurğulanıb. MDU-nun Mühəndislik fakültəsinin tələbələrindən Xəyal Kərimli “Nanotexnologiya və ətraf mühit”, Salatın Rəhimova “Data mining: Verilənlərin intellektual analizi texnologiyası”, Tural Kərimov “Osmotik-mavi enerji”, Ruhiyyə Məmmədova “İntellektual robotların vəziyyəti və inkişaf perspektivləri” və Qızbəs Ağayeva “Meşələrdən istifadənin ekoetik problemləri”, Nihad Xəlilov “DevOPs-un imkanları və perspektivləri”, Məhəmməd Cumayev “Mühafizə dronu”, Səbinə Cəfərova “Blokçeyn texnologiyasının ağıllı şəhərlərə tətbiqi”, Əsmər Əliyeva “Müəssisədə keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı məhsul istehsalının vacib amilidir” və Şəhanə Şakirqızı “IV Sənaye texnologiyası dövründə süni peyklərin rolu və inkişaf perspektivləri” mövzusunda məruzələrini təqdim ediblər. Sonra məruzələr ətrafında müzakirələr aparılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Magistratura və doktorantura şöbəsinin və Məkətəbəqədər təhsil fakültəsinin Xüsusi təhsil kafedrasının birgə təşkilatçılığı ilə “Dost xromosom saymaz” adlı elmi seminar keçirilib. Seminarda professor-müəllim heyəti, magistrantlar, tələbələr, daun sindromlu uşaqlar və onların valideynləri iştirak ediblər. Seminarda dinlənilən məruzələrdə ölkəmizdə və dünyada bu sahədə aparılan tədqiqatların nəticələrinin faydaları, daun sindromlu insanlarla davranışlarda, onların cəmiyyətə inteqrasiyasına yardım edilməsində istifadə olunan yeni metodlardan, bu insanların müxtəlif bacarıqları mənimsəməsinə yardım edilməsindən danışılıb. 

Bu cür elmi-konfransların elmin inkişafına təkan verməsi üçün hansı addımlar atılmalıdır?
 
Təhsil eksperti Elçin Əfəndi “Şərq”ə açıqlamasında qeyd etdi ki, “Elm günü”ylə bağlı tədbirlərin keçirilməsi, əlbəttə uğurlu yanaşmadır: 

- Bunlar müasir çağırışlara cavab verəcək addımlardır. Sevindirici olan həm də budur ki, elmi seminar və konfranslarda tələbələrin aktiv iştirakı təmin edilir, tələbələr müxtəlif məzmunlu məruzələrlə çıxış edirlər. Ola bilər tələbələr məruzələrin mövzusunu maraq dairəsinə aid, daha dərindən öyrənmək istədiyi, bəlkə də təhsilini başa vurduqdan sonra çalışmaq istədiyi sahəyə uyğun seçirlər. MDU-da keçirilən elmi-seminarda təqdim olunan məruzələrdən görünür ki, tələbələr müasir texnologiyaların, virtual və rəqəmsal aləmin üstünlüklərini öyrənməyə meyillidirlər. Belədirsə, onların həmin sahə üzrə ixtisaslaşmasını təmin etmək və o sahədə çalışmasına şərait yaratmaq lazımdır. Bunu isə ali təhsil müəssisələri ilə əməkdaşlıq edən şirkətlər, korporasiyalar edə bilər. Məsələn, çox yaxşı haldır ki, UNEC-in tədbiri “Kapital Bank”la birgə təşkil olunub. Verilən məlumatda qeyd olunur ki, “Kapital Bank”ın əməkdaşları orda iştirak edib, ideyaları bəyəniləcək tələbələrə bankda təcrübə keçmək imkanı yaradılacaq. 

Mümkündür ki, bank işi ixtisasını yaxşı öyrənən tələbələr təhsillərini başa vurduqda bankda işlə təmin edilsin. İstənilən halda elmi konfranslarda, ali təhsil müəssisələrinin keçirdiyi tədbirlərdə hansısa şirkət iştirak edirsə, bu həm təhsil müəssisəsi, həm də həmin şirkətin fəaliyyəti üçün müsbətdir. 

Tələbələrin öyrəndikləri sahəyə marağı daha da artır, şirkət isə kadr potensialı əldə edir. Ali məktəblər profillərinə uyğun müəssisə və şirkətlərlə əməkdaşlıq etməlidir. Əməkdaşlıqdan bütün tərəflər mənfəət əldə edə bilər. Şirkətlərlə əməkdaşlıq tələbələrə karyera qurmaq imkanı verir. Onlar üçün iş imkanları açılır. 

Ali məktəblər isə tələbələrin təcrübə keçməsi üçün yeni sahələr əldə edir. Lakin belə tədbirlər təkcə “Elm günü” deyil, vaxtaşırı keçirilməlidir.