Osman Gündüz: "Hələ də mənim üçün qaranlıqdır ki, nə üçün hökumət bu məsələyə bu dərəcədə laqeyddir"
Hansı ki, pandemiya dövründə elan olunan xüsusi karantin rejimi ilə əlaqədar il yarım müddətdə şagird və tələbələr onlayn rejimdə təhsilə davam etdilər. Bu, özlüyündə distant təhsil məsələsinin nə qədər vacib olduğunu bir daha ortaya qoydu.
Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz distant təhsil formasının tətbiqi ilə bağlı normativ sənədlərin hələ də təsdiqlənməməsini xoşagəlməz hal kimi dəyərləndirib.
10 ildən çoxdur ki, qanunda bu məsələ öz əksini tapıb, üstəgəl, ölkədə bir ildən artıq bütün tədris prosesi distant formada aparılıb. Onun sözlərinə görə, hökumət distant formanı tətbiq edib diplom verir və onu tanıyır, amma Harvard və ya MİT-i distant bitirənin təhsil sənədini, məhz distant olduğuna görə tanımaqdan imtina edir. Absurd bir vəziyyətdir: “Artıq qonşu ölkələr bu problemi həll ediblər. Ötən il Qazaxıstan da qanunvericiliklə distant təhsil formasını rəsmiləşdirdi. Hələ də mənim üçün qaranlıqdır ki, nə üçün hökumət bu məsələyə bu dərəcədə laqeyddir.
Bununla da biz çox şey itiririk. Rəqabətli mühitin formalaşması ləngiyir, təhsil xidmətlərinə əlçatanlığın qarşısı alınır, əlavə təhsil xidmətlərinin qarşısı alınır və s.
Elə universitetlər var ki, bu sahəyə, distant mərkəzin yaranmasına, kontentin rəqəmsallaşmasına və müəllim hazırlığına xeyli investisiya yatırıblar.
Onlar bu investisiyanı necə doğruldacaqlar?
Distanta yol verməməklə biz imkanı olan universitetləri əlavə pullar qazanmaqdan, inkişafdan, beynəlxalq platformalara qoşulmaqdan məhrum edirik”.
Ekspertin sözlərinə görə, sanki qəsdən inkişafa can atan universitetləri arxadan tutub saxlayır, rəqabətli mühitin formalaşmasının qarşısını alırlar:
“Təhsil Nazirliyi və digər aidiyyəti orqanlar nəhayət ki, bu problemin həllinə diqqət yetirməli, bu istiqamətdə səylərini gücləndirməlidir. TN tez bir zamanda xaricdə təhsil alanların sənədlərinin tanınması ilə bağlı tətbiq edilən "distant" məhdudiyyətini aradan qaldırmalıdır.
Daha çox vaxt itirmədən distantla bağlı normativ sənədlər qəbul edilməli, şəraiti olan universitetlərə distant təhsilin təşkili üçün lisenziya verilməlidir. DİM əyani və qiyabi ilə yanaşı, universitetlərə distant formada qəbul planını da açıqlamalıdır”.