Rayon təhsil idarələrinə rəhbər vəzifələrə təyinatlar gülüş doğurur
"Yəni kadrlar, sinif yoldaşı, tələbə yoldaşı, qohum və ya tanışlıqla deyil, peşəkarlıq və işgüzar keyfiyyətlərinə, peşə fəaliyyəti zamanı uğurlu nəticələrinə görə gətirilməlidir"
“Regional Təhsil İdarələri rəhbərliklərinə təyinatlar məsxərə predmetidir.
Təhsil sistemində aparılan islahatlar prosesi kimi regional təhsil idarələri yaradılması uzun müqavimətdən sonra nəhayət ki, reallaşdırıldı. Artıq ikisi istisna olmaqla idarələrə təyinatlar həyata keçirilib”. Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. Ekspertin sözlərinə görə, Abşeron-Xızı Regional Təhsil İdarəsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirləri istisna olmaqla digər təyinatlar uğursuzdur. Bu iki idarənin müdirləri təyinat aldıqları vəzifəyə sosial lift ilə yüksəlib. Yerdə qalan 8 idarəyə rəhbər təyinatı yalnız gülüş, təəccüb və ən yaxşı halda sual doğura bilər. Maraqlıdır, təhsilə bağlılığı olmayan bankçı, maliyyəçi, hərbçi, menecerlər yaşamadığı və işləmədiyi bölgəyə təyinat almağı necə bacarıb?
Əhalisi 500 min nəfərdən, məktəbləri 500-dən artıq azı 5 inzibati rayonu əhatə edən regionda təhsili idarə etməyə 5 nəfərin tapılmaması görüntü, əvəzində rəhbərliyin bölgəni tanımayan kənar regiondan olan insanlardan təyinat həyata keçirməsi sadəcə bölgə təhsil işçilərində rəhbərliyə etimadsızlıq yaradan haldır. İxtisaslı olmayan, bəzi hallarda isə təhsil sistemində çalışmayan təsadüfi insanların regional təhsil idarəetmə orqanlarında yüksək postlara təyinatı sanki məzhəkədir. Bütün bunlar ölkə ictimaiyyətində təhsil islahatlarına ümidləri qırmaqla yanaşı təhsili idarə edən orqanlara etimadı da azaldır. Bu təyinatları həyata keçirənlər və ya vəzifələrə təyin edilən bu insanlar müəllimlərə hansı örnəyi göstərmiş ola bilərlər?
Təhsil eksperti Elşən Qafarovun “Şərq”ə açıqlamasına görə, təhsil sahəsinin idarə olunması təhsil ilə bağlı ixtisası və təcrübəsi olan şəxslərə həvalə olunmalıdır:
“Çox təəssüflər ki, son illərdə belə bir tendensiya yaranıb, adam xaricdə təhsil alıbsa, fərqi yoxdur hansı istiqamət üzrə, aparıcı vəzifələrə təyin olunurlar, nəticədə kadrlar özlərinin belə anlayışı olmadıqları sahəni idarə etməli olurlar. Bu tendensiya digər dövlət qurumlarında da var, təhsildə lap çoxdur. Təhsil sahəsinə birbaşa təhsil sahəsi üzrə təhsil və təcrübəsi olan şəxslər gətirilməlidir. Təhsil sahəsində kadr təyinatında şəbəkələşmə amili aradan qaldırılmalıdır. Yəni kadrlar, sinif yoldaşı, tələbə yoldaşı, qohum və ya tanışlıqla deyil, peşəkarlıq və işgüzar keyfiyyətlərinə, peşə fəaliyyəti zamanı uğurlu nəticələrinə görə gətirilməlidir.
Struktur islahatları idarəetmənin təkmilləşdirilməsi üçündür. Keyfiyyətin artırılması üçün isə dediyim kimi, təhsili bilən, bu sahədə təhsili və təcrübəli olan kadrlar irəli çəkilməlidir. Təkliflərimlə bağlı dəfələrlə çıxışlar etmişik, amma təəssüf ki, indi təklifləri heç kim dinləmək istəmir. Bütün diqqət ona yönəlib ki, müxtəlif layihələr keçirmək adı ilə külli miqdarda vəsaitlər boş yerə sovrulur. Bu sahəyə dövlət nəzarəti ya zəifdir, ya da dövlətin xoş məramından ciddi sürətdə sui-istifadə edilir. Ölkədə təhsilin bütün pillələri üzrə struktur və məzmun islahatları, sözün əsl mənasında islahat aparılmalıdır. Hüquqi-normativ baza yaradılmalı, bütün fəaliyyətlər qanunlar və qaydalar çərçivəsində həyata keçirilməlidir. Bunu isə istəyən olmalıdır. Kosmetik dəyişikliklər heç vaxt islahat effekti verə bilməz. Mütəxəssislərə qapılar açıq olmalıdır”.