Açıq tipli suallar artıb

Ona görə buraxılış imtahanlarında riyaziyyat və xarici dildən geriləmə qeydə alınıb

"Şagirdlər açıq tipli sualların həllinə çox vaxt sərf edir, nəticədə yekun göstərici aşağı olur"

  IX siniflərin buraxılış imtahanlarında riyaziyyat və xarici dildə geriləmə müşahidə olunub. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, 4 rayonda məktəbin nəticələri aşağı olub: "Buraya Sabunçu, Qaradağ, Xəzər və Pirallahı aiddir. Yeni tədris ilində əsas diqqətləri məhz həmin məktəblərə yönəldəcəyik".

  Təhsil eksperti Elçin Əfəndi “Şərq”ə açıqlamasında məktəblərə hansı formada diqqətin yönəldiləcəyinin anlaşılmaz qaldığını dedi: 

- Məktəblərə diqqəti hansı formada, necə yönəldəcəklər? Məsələnin kökü yalnız məktəbdə deyil. Bəli, orta məktəblərdə istər riyaziyyat, istərsə ingilis dili və ya digər hansısa fənnin zəif keçilməsi faktı var. 

Tədrisin keyfiyyətindən çox şey asılıdır, lakin hər şey yox. 2019-cu ildən bəri buraxılış və qəbul imtahanları kurikulum sistemi üzrə yeni qaydalarla keçirilir. Əvvəllər imtahanlarda test tapşırıqları çoxluq təşkil edirdi, indi isə açıq tipli suallara çox yer verilir. 

Xarici dildən isə imtahan tapşırıqlarına dinləmə, tərcümə tipli suallar da daxil edilib. Bundan əvvəl yadınızdadırsa, Xİ siniflərin buraxılış imtahanlarında da xarici dil üzrə dinləmə tapşırıqlarının səsləndirilməsindən narazılıq yaranmışdı, daha sonra DİM-in doktorantura və dissertantura səviyyəsində keçirilən imtahanlarında abituriyentlər dinləmə tapşırıqlarından narazılıq etdilər, onlar üçün yenidən imtahan keçirildi. Buraxılış imtahanlarında xarici dil üzrə geriləmə məhz bununla bağlıdır – açıq tipli sualların artması ilə.

 Həmçinin, riyaziyyat fənni üzrə də açıq tipli suallar artırılıb. Şagirdlər açıq tipli sualların həllinə çox vaxt sərf edir, nəticədə yekun göstərici aşağı olur. 

Buraxılış imtahanlarında riyaziyyat və xarici dil üzrə göstəricilərin zəif olması imtahanlarda sual formatlarına dəyişiklik edilməsidir.