Təhsil eksperti: "Formaların hər biri Türkiyə istehsalı olan pambıq parçalarından tikilib"
"Sıxlıq probleminə gəldikdə isə bu artıq ənənəvi hal alıb. Valideynlər hər il dərslərin başlamasına 1 həftə qalmış məktəb bazarlığına başlayırlar"
Məktəbli geyimləri ilə bağlı narazılıqlar getdikcə artır. Son günlər, hətta son aylardan bəri uzun-uzadı müzakirə olunmasına rəğmən problem hələ də aktual olaraq qalıb. Bir neçə gündən sonra övladını məktəbə yola salmağa hazırlaşan valideynlər məktəb ləvazimatları ilə yanaşı, məktəbli forması da almalıdırlar. Bu il mart ayında Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” qərar qəbul edib.
Nazirlik “məcbur deyil” desə də, məktəb direktorları valideynlərdən şagirdlərin, xüsusilə, ibtidai sinifdə təhsil alanların yeni məktəbli formasından istifadəsinin məcburi olduğunu bildirirlər.
Valideynlərin əksəriyyəti isə geyimi əldə etməkdə çətinlik çəkir. Kimisi uşaqlarının əyninə uyğun forma tapa bilmir, kimisinin də ildə bir geyim almağa maddi imkanı çatmır.
Bakı Tikiş Evinin qarşısında hər gün saysız növbələr olur. Geyimi əldə edənlər parçanın keyfiyyətindən, tikilişindən narazılıq edir. Baha qiymətə satılmasına baxmayaraq məktəbli geyiminin parçasının keyfiyyətinin çox aşağı olduğunu iddia edirlər.
Maraqlıdır, vahid məktəbli geyimi məsələsi niyə ölkəmizdə ciddi problemə çevrilir? Az qala hər il geyim növü, rəngi dəyişir. Gündə bir tələb qoyulur. Bunun daha asan bir yolu yoxdurmu? Xarici ölkələrin təcrübəsi necədir?
“Yeni məktəbli formaları ilə bağlı cəmiyyətdə hansısa gərginlik var”.
Elm və təhsil naziri Emin Əmrullayevin fikrincə isə bütün problemlər bəzən məlumatsızlıq ucbatından, bəzən valideynlərin düz ünvanlara müraciət etməmələri səbəbindən baş verir: “Elm və Təhsil Nazirliyi məktəbli formalarının satışı, tikişi ilə məşğul olan qurum deyil. Biz yalnız həmin formaların nümunəvi tövsiyə olan formada olmasına nəzarət edirik. Burada məcburiyyət yoxdur”.
“Əgər məcburiyyət olarsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional idarələrə müraciət oluna, məsələyə baxıla və ölçü götürülə bilər”, - deyə nazir əlavə edib.
Təhsil eksperti Elşən Qafarov “Şərq”ə açıqlamasında deyib ki, inkişaf etmiş bütün dünya ölkələrinin təhsil sistemində vahid məktəbli geyimi mövcuddur. Onun sözlərinə görə, məktəblərdə sosial bərabərliyin təmin olunması, tərbiyə mühitinin düzgün qurulması üçün çox vacib amillərdən biridir. Məktəbli forması təhsil aldıqları müəssisədə, eyni zamanda ictimai həyatda məktəblilərin öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında, bütövlükdə məktəbin nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Buna görə də vahid məktəbli forması məsələsi cəmiyyətdə geniş təbliğ olunmalıdır.
Ölkəmizdə vahid məktəbli geyiminə keçidlə bağlı uzun müddət müzakirə aparılıb. 2010-cu ildən sonra xüsusi qərar olmasa da, bir çox orta ümumtəhsil müəssisələrində Bakı Tikiş Evinin istehsal etdiyi məktəbli geyimlərindən istifadə olunurdu. 2018-ci ildə “Təhsil haqqında” qanuna edilən mühüm dəyişikliklərdən biri də dövlət mülkiyyətində olan orta məktəblərdə təhsilalanların geyim formalarının eskizlərini Nazirlər Kabineti müəyyən edir. Dövlət ümumtəhsil məktəblərində yeni məktəbli geyimlərinin dörd formada eskizləri Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 saylı qərarı ilə təsdiq olunub. Sənədə əsasən, hər bir məktəbin pedaqoji şurası əslində göstərilən geyimlərdən birini müəyyənləşdirməlidir. Ancaq keçən müddət ərzində şuralar hansısa bir qərar qəbul edə bilmədilər. Tikiş fabrikləri eskizdəki hansı geyimləri tikəcəklərini və sayının nə qədər olacağı ilə bağlı dəqiq məlumat ala bilmədikləri üçün Bakı Tikiş Evi cəmi 2 növdə, ağ və qara rənglərdə məktəbli geyimini tikib satışa çıxardı. Bu da normaldır, çünki ölkədə 4432 məktəb var. Axı BTE-nin tikəcəyi bu formalar ən azı 6 ay qabaq sifariş verilməlidir”.
E.Qafarovun sözlərinə görə, geyimlərin keyfiyyəti və qiymətlə bağlı iradlar ədalətli deyil: “Formaların hər biri Türkiyə istehsalı olan pambıq parçalarından tikilib. Buna görə də keyfiyyət baxımından bu günə qədər istifadə olunan geyimlərdən fərqləndiyini düşünürəm. Müəyyən olunan qiymətlər isə keyfiyyət və rahatlıq baxımından baha deyil və maddi vəziyyətləri orta səviyyədə olan ailələr üçün ciddi çətinlik yaratmayacaq. Yəni qiymətlərinin bugünkü bazar qiymətlərinə uyğun olduğunu düşünürəm. Sıxlıq probleminə gəldikdə isə bu artıq ənənəvi hal alıb. Valideynlər hər il dərslərin başlamasına 1 həftə qalmış məktəb bazarlığına başlayırlar. Düşünürəm ki, qısa müddətdə yaranmış problem aradan qalxacaq və hər şagird məktəbli forması ilə təmin ediləcək”.