"Heç bir məktəb direktorunun müəssisənin təmiri işləri ilə bağlı müəllimdən əlavə ödəniş tələb etməyə ixtiyarı yoxdur".
Bu sözləri "Sherg.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Onun sözlərinə görə, məktəbin təmiri birbaşa Elm və Təhsil Nazirliyi (ETN) öhdəliyində olan prosesdir:
"ETN isə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaqla dövlət büdcəsindən müəyyən vəsaitin ayrılmasını tələb edib, onun əsasında müvafiq məktəbin lazımi işlərini görə bilər. Bu gün hər hansı bir məktəb rəhbəri müəllimdən ödəniş istəyirsə, bu, qeyri-qanuni əməldir. Təbii ki, həmin şəxs haqqında müvafiq tədbir görülməlidir. Həmçinin direktor müəllimin işə gəlmədiyi günlərin pulunu əmək haqqıdan çıxılacağı şərtini qoyursa, bunun özü də yolverilməzdir. Çünki onun qeyd etdiyimiz kimi, belə bir səlahiyyətləri yoxdur.
Görünən odur ki, rəhbər müxtəlif üsullarla ya öz mənafeyini güdür, ya da şəxsi büdcəsini artırmaq üçün müəyyən alternativ yollar axtarır. Müəssisədə çalışan təxminən 20 müəllimdən 50 AZN yığılması, kifayət qədər maliyyənin toplanması deməkdir. Təbii ki, bu addım qanunvericiliyə ziddir. Heç bir müəllim məktəbin maddi və texniki təminatına cavabdeh deyil. Yəni öz əmək haqqından pul ayırmamalıdır. Yalnız könüllülük prinsipi əsasında mümkündür.
Əks halda, kiminsə məcburiyyət qarşısında müəllimdən müəyyən qədər pul istəməyə qətiyyən hüquqi ixtiyarı yoxdur. Hazırda Azərbaycan müəlliminin əmək haqqısının ideal olmadığı məlumdur. Bu halda hər hansı pul verməsi doğru yanaşma deyil. Müəllimdən kağız, təbaşir pulu və s. yığılır. Bu da azmış kimi, müəssisənin təmirinə də ödəniş istəyirsə, məktəb başqa hansı funksiyanı yerinə yetirir?! Dövlət hər il büdcədən orta təhsil müəssisələrinə müəyyən vəsait ayırır ki, hansısa ərazidə məktəbin təmiri tikintisi ilə bağlı işlər aparılsın. Bəs onda direktor niyə vaxtında məsələ qaldırıb, müəssisənin təmirə ehtiyacı olduğunu bildirməyib? Bəlkə də vəsait ayrılıb, amma kimsə "yeyib". Bunlar hər biri araşdırılmalı faktlardır. Düşünürəm ki, bu barədə müəllimlər ETN-yə şikayət ərizəsi ünvanlasınlar. Belə hallara yol verən məktəb direktoru ilə bağlı ciddi tədbirlər görülməlidir".
Qeyd edək ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru orta təhsil müəssisəsinin təmiri adı ilə müəllimlərdən 50 AZN pul tələb edib.