Zemfira Budaqova: “İnkişaf etmiş ölkələrdə ali təhsil müəssisələri şəhərin kənarında yerləşir”
“Bu layihə həm paytaxtdakı tıxacların qarşısını alacaq, həm də regionlardan gələn tələbələri kirayə pulundan azad edəcək”
Bakının illərdir həllini tapmayan tıxac problemindən çıxış yolu kimi ali təhsil ocaqlarının paytaxtdan bölgələrə köçürülməsi təklif olunur. Universitetlərdən bir neçəsinin işğaldan azad olunmuş bölgələrə köçürülməsi də təkliflər sırasındadır.
Qeyd edək ki, universitetlərin şəhərin mərkəzindən kənar ərazilərə köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Belə ki, qardaş Türkiyədə bir çox universitetlər ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərir. Onların bir çoxunda tələbələr üçün bütün şəraitin mövcud olduğu tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Ekspertlər hesab edirlər ki, gələcəkdə ali məktəblərin şəhərin mərkəzindən kənara köçürülməsi baş versə, onda tələbələrin hərtərəfli rahatlıq və şəraitini təmin edəcək şəhərciklərin salınması da reallaşa bilər.
Azərbaycanda isə vəziyyət xeyli fərqlidir, bütün təhsil ocaqları, iri müəssisələr paytaxt Bakıda yerləşib.
Azərbaycan Memarlar Assosiasiyasının prezidenti Zemfira Budaqova da “Şərq”ə açıqlamasında universitetlərin Bakıdan kənar ərazilərə köçürülməsi təklifini müsbət dəyərləndirib:
"Dünyanın inkişaf etmiş ölkələrinin hamısında ali təhsil müəssisələri şəhərin kənarında yerləşir. Ali təhsil məktəblərinin şəhərin mərkəzində yerləşdirilməsi şəhərsalmanın qaydalarına da ziddir. Universitetlərlə orta məktəblərin həcmi bir deyil. Ali məktəblərdə nə qədər tələbə oxuyur. Bir ərazidə 2-3 ali təhsil müəssisəsi yerləşir və hamısı da dərsə eyni vaxtda gedib-gəlir. Bu isə şəhərdə sıxlıq yaradır və hərəkəti məhdudlaşdırır".
Memarın sözlərinə görə, ali məktəblərin şəhərdən kənara köçürülməsi, tıxacların aradan qaldırılmasından əlavə təhsilin keyfiyyətinə də müsbət təsir göstərə bilər:
"Dünya üzrə təhsil səviyyəsinin yüksək olduğu Harvard, Oksford, Stenford, Massaçusets universitetlərinin ərazisində kampus sistemi var. Çünki universitetlərin təhsil səviyyəsini artıran, məhz elə bu tələbə şəhərcikləridir. Ölkəmizdə bu layihənin gerçəkləşməsinin ən böyük xeyri də regionlardan gələn tələbələrə olacaq ki, təhsil aldıqları ali məktəblərin tələbə şəhərciklərində yerləşərək əlavə xərc kimi evpulu verməyəcəklər.
Məişət qayğıları azalacaq, yollarda əlavə vaxt itkisi olmayacaq. Yəni tələbələr şəhər səs-küyündən uzaqlaşaraq daha yüksək təhsil ala biləcəklər. Universitetlər şəhər kənarında olsa, hər ali məktəbin özünün yataqxanası olar və tələbələrin günü universitetlə yataqxana arasında keçər. Bütün günü tələbələrin ətrafında olanda oxumayan uşaq da məcbur olub oxuyacaq. Bunlarla yanaşı, əlavə məsləhətçilərdən lazımi qayğını görərək, kitabxanada, dərnəklərdə, idman zallarında öz fəaliyyətlərini genişləndirmək imkanları olacaq.
Yüksək səviyyədə təhsil almaq üçün təhsil mühiti yaradılmalıdır. Güman edirəm ki, universitetlər şəhərdən kənara köçürülsə və kampus sistemi qurulsa, təhsilimizdə irəliləyişlər olacaq".