Azərbaycanda təhsil alan xarici vətəndaşların sayı azdır

Fərqli dillərdə tədris imkanları aşağı səviyyədədir


  Azərbaycanda ali təhsil sahəsində yeni proqramlar hazırlanır.
Təhsil naziri Emin Əmrullayevin "BYF EduExpo 2022" təhsil sərgisinə açıqlamasına görə, yeni proqramlar doktorantura istiqamətinə aid olacaq. Eyni zamanda nazir  ölkəyə xarici tələbələrin cəlb olunması üzərində də ciddi işlədiklərini qeyd edib: “Bu gün ölkədə 7 min xarici vətəndaş təhsil alır. Türkiyədə 28 min azərbaycanlı tələbə təhsil alır". 

Qeyd edək ki, əcnəbi tələbələrin yerli universitetlərimizə cəlbi məsələsi uzun illərdir ölkədə müzakirə olunan əsas təhsil problemlərindən biridir. 

Ekspertlərin fikrincə, qəbul prosesindəki çətinliklərə səbəb təhsil haqlarının yüksək olmasıdır. Fərqli dillərdə tədris imkanları aşağı səviyyədədir. 

  Təhsil erksperti Elşən Qafarov “Şərq”ə açıqlamasında sovet dövründə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayının kifayət qədər çox olduğunu deyib: 

“Xüsusilə də indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti həmin vaxtlarda xaricilərin təhsil aldığı müəssisəyə çevrilmişdi və buraya daha çox neft ölkələrindən üz tuturdular. Amma çox təəssüflər olsun ki, sovet imperiyası dağıldıqdan sonra bu sahədə çox ciddi problemlər yaşandı və indi də bu davam etməkdədir. Bu da xaricdən gələn tələbələrin sayına ciddi təsir edir.

İllərdir bu sahədə ciddi bir irəliləyiş hiss olunmur. 

  Azərbaycana təhsil almağa gələn tələbələrin əksəriyyəti  də Türkiyə, ərəb ölkələri və xüsusilə də İraqdan gələn, azərbaycanlı olub Rusiya vətəndaşı olaraq, buraya köçən və hələ vətəndaşlıq almayan şəxslərin övladları, Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Yəni statistikada nəzərə çarpan cüzi say artımı məhz bu şəxslərin hesabınadır. Bir sözlə, hazırda Azərbaycandakı təhsil müəssisələrində təhsil alan əcnəbi sayından bizim Gürcüstan vətəndaşlarının, azərbaycanlı olub digər ölkələrin vətəndaşı olaraq burada yaşayan şəxsləri çıxarsaq, çox cüzi bir rəqəm qalacaq. Təhsil Nazirliyi bu 101 ölkənin adını çəkib, hansı ölkədən nə qədər tələbə gəlir, onun da statistikasını yaysa, yaxşı olardı. Bu zaman hər şey bizə daha aydın olardı”.

Təhsil ekspertinin sözlərinə görə, əcnəbilərin Azərbaycanda təhsilə cəlb olunması ilə bağlı bizdə ali və orta ixtisas təhsilinin keyfiyyəti qaldırılmalıdır.

  “Azərbaycan universitetlərinin bəzilərinin ilk 500 univeristet sırasına düşməsi qeyd olunsa da, çox gözəl bilirik ki, ali təhsilimizdə vəziyyət tam ürəkaçan deyil. Biz Azərbaycanın öz əmək bazarının tələblərinə uyğun olaraq kadrlar hazırlaya bilmirik. O ki qaldı beynəlxalq səviyyədə olan əmək bazarının tələblərinə uyğun kadr hazırlayaq. Bu sahədə çox ciddi işlər görülməlidir. Azərbaycanın ali təhsilində ingilis dilli ixtisasların açılmasına üstünlük verilməlidir. Xarici tələbələrin marağı öyrənilməlidir ki, onlar daha çox hansı sahəyə meyillidirlər və bununla da müəyyən qrant layihələri elan olunmalıdır ki, onlar üçün daha ucuz, əlverişli qiymətə təhsil ala bilsinlər”.

  E.Qafarovun sözlərinə görə, bu sahə üzrə irəlidə olan ölkələrdə xaricdən tələbələrin axınını təşkil etmək üçün qrant layihələrlə bərabər onların sosial problemləri də qarşılanır: 

“Bizim isə əksər universitetlərin yataqxana, kompüter şəraiti yoxdur. Bu da xarici tələbələrin gəlməsinin qarşısını alan səbəblərdəndir. Xarici tələbələrin Azərbaycan universitetlərində təhsil almasını genişləndirmək, sayını çoxaltmaq istəyiriksə, bu zaman təhsilin keyfiyyətini qaldırmalı, xarici dildə təhsil verən ixtisasların sayını artırmalı, təlbələrin sosial və digər problemləri ilə bağlı ciddi işlər görülməlidir”.