Tərbiyəçi-müəllimlərin psixoloji testdən keçirilməsi kifayət deyil...


İşə qəbulun müsahibə mərhələsində də psixoloqlar – həm də bədən dilini bilən psixoloqlar mütləq iştirak etməlidir
Psixoloq Zeynəb Eyyubova: “Biz bunun üzərində işləməliyik, nə edək ki, məktəbəqədər təlim-təhsil müəssisəsinə, balı çatmadığı üçün müraciət edənlər deyil, həqiqətən bu peşəni sevən, uşaqları sevən şəxslər gəlsin”
  Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu zamanı namizədlər müsahibədən əvvəl psixoloji testə cəlb olunacaqlar. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, işə qəbul üzrə müsabiqə üçün minimum keçid balı 35 müəyyənləşdirilib. Minimum tələbi ödəyən bütün namizədlər müsahibə mərhələsində iştirak edəcəklər. Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq. Qeyd edək ki, test imtahanı və müsahibə nəticəsi nəzərə alınaraq, namizədlərin vakant yerlərə yerləşdirilməsi həyata keçiriləcək.
  Tərbiyəçi-müəllimlərin işə qəbulundakı bu yenilik, böyük ehtimalla son zamanlar bəzi uşaq bağçalarında uşaqlara qarşı aqressiv davranışın sərgilənməsi ilə bağlıdır. Aqressiv tərbiyəçiləri heç müşahidə kameraları “tərbiyələndirə” bilmir. Kameraları görməzdən gəlib uşaqlarla kobud davranan, fiziki zorakılıq tətbiq edən tərbiyəçilər var. Həm də bu kimi hallar təkcə bağçalarda deyil, orta məktəblərdə də yaşanır. Orta məktəblərin birində ibtidai sinif müəllimi şagirdin gündəliyinə deyil, alnına “2” rəqəmi yazıb! Sonra da bir bilsəniz, nə edib; uşağın əlindən tutub sinif-sinif gəzdirib ki, “baxın, bu qız “2” alıb! Uşaq o gündən depressiyaya düşüb və nəinki öz sinfinə, ümumiyyətlə, daha məktəbə getmək istəmir. Çox zaman balacaların - məktəbəqədər yaşlı uşaqların bağçaya getmək istəmədiklərini və ya ağlaya-ağlaya bağçaya getdiklərini görürüksə, demək ki, bu uşaqlar da bağçanı sevmirlər. Çünki onlara bağçanı sevdirə bilməyib müəllim-tərbiyəçiləri. Müəllim-tərbiyəçilərin işə qəbulunda müsahibə mərhələsindən əvvəl psixoloji testə cəlb olunacaqları hazırkı vəziyyəti müsbətə doğru dəyişəcəkmi?
  Psixoloq Zeynəb Eyyubova “Şərq”ə açıqlamasında lazımi məqamlara toxundu:
" Psixoloq, həm də bağça direktoru kimi deyə bilərəm ki, müəllim-tərbiyəçi işinə qəbulda bir neçə şərt əsasdır. Birincisi, təhsildir. Bu, işin qanuni tərəfidir. Müəllim-tərbiyəçi işinə qeyri-ixtisas sahibləri qəbul edilmir. İkinci isə müəllim-tərbiyəçinin psixoloji durumudur. Özüm psixoloq olduğum üçün müəllim-tərbiyəçiləri işə qəbul edəndə onları psixoloji testdən keçirirəm. Amma hər hansı başqa uşaq bağçasının müdiri psixoloq olmaya bilər və psixologiya elmi barədə anlayışı da olmaya bilər. Hesab edirəm ki, müsahibədən əvvəl psixoloji testdən keçirilmə kifayət etmir, işə qəbulun müsahibə mərhələsində də psixoloqlar – həm də bədən dilini bilən psixoloqlar mütləq iştirak etməlidir. Çünki hər bir insanın bədən dili onun xasiyyətini və psixologiyasını açır. Müəllim-tərbiyəçi işinə qəbul olmaq istəyən şəxsin özünü ifadə zamanı jestləri, həyəcanı, aqressiyası, üz mimikası, üz quruluşu, danışıq tərzi – bunlar hamısı o şəxsin psixoloji durumunun göstəricisidir. Bəzi testlər var ki, insanın şüuraltısını açır. Lakin danışıq tərzi, bədən dili canlı ünsiyyətdə üzə çıxır. Ziqmund Freyd nə deyirdi, “danış, səni tanıyım”. Uşaq bağçalarına müəllim-tərbiyəçi qəbulu bu metodla aparılmalıdır. Digər məsələ, uşaq bağçalarına işə qəbul üçün müraciət edənlərin bu peşəni sevib-sevməməsidir. İşə qəbul üçün müraciət edənlərdən “mən başqa sahə istəyərdim, qəbul imtahanında balım çatmadı, məktəbəqədərə düşdüm”, deyən nə qədər şəxs olur. Biz bunun üzərində işləməliyik, nə edək ki, məktəbəqədər təlim-təhsil müəssisəsinə, balı çatmadığı üçün müraciət edənlər deyil, həqiqətən bu peşəni sevən, uşaqları sevən şəxslər gəlsin. Nə edək ki, xoşbəxt gələcəyə sahib olaq? Özü xoşbəxt olmayan, ruhi sakitliyə malik olmayan birisi uşaqlara xoşbəxt saatlar bəxş edə bilməz. Tərbiyəçi uşaqların qarşısına üzü turşumuş, üzündə həyatdan narazı ifadə ilə çıxırsa, uşaq ondan necə müsbət enerji ala bilər?! Uşaqlar bizim söylədiyimizi söyləyir, etdiklərimizi təkrarlayırlar. Müəllim-tərbiyəçi bunu bilməli və elə davranmalıdır ki, uşaq ondan müsbət impuls alsın və bağçada vaxt keçirmək əzab-əziyyət deyil, xoşbəxtlik olsun".