Kamran Əsədov: "Necə olur ki, bu kitabların hamısı satışda var, amma dövlət onu verə bilmir"
Oktyabr ayının birinci ongünlüyünün keçməsinə rəğmən orta ümumtəhsil müəssisələrində şagirdlər dərsliklərlə tam təmin olunmayıb. Bununla bağlı həm valideynlər, həm də müəllimlər arasında xeyli narazılıq var. Tədris sentyabrın 15-dən başlasa da xüsusən də yuxarı sinif dərsliklərinin böyük əksəriyyətinin olmadığı bildirilir. Təbii ki, mövcud vəziyyət həm şagirdləri, həm də müəllimləri çətin duruma salıb. Bəzi valideynlər övladlarının təhsildən geri qalmaması üçün dərslikləri sosial platformadan çıxarış etmək və yaxud da mağazalardan almaq məcburiyyətində qalıb.
Qeyd edək ki, dərsliklərin çap edilməsi, onun məktəblərə paylanılması Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Beləliklə, nazirlik artıq şagirdləri pulsuz dərsliklərlə təmin etməli idi, lakin məsələ hələ də problem olaraq qalmaqdadır. Bəs səbəb nədir?
Təhsil eksperti Kamran Əsədovun “Şərq”ə açıqlamasına görə, şagirdlərin məktəbə dərsliksiz gedib-gəlməsi mənfi nəticələrə gətirib çıxaracaq: “Hazırda ölkədə 4432 orta ümumtəhsil müəssisələri fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 1,6 milyon şagird təhsil alır. Çox təəssüflər olsun ki, Elm və Təhsil Nazirliyi öz üzərinə düşən öhdəliyi yerinə yetirib, şagirdləri dərsliklərlə təmin edə bilmir. Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamla orta ümumtəhsil müəssisələrində təhsil alan dərsliklər tam olaraq pulsuz verilir və tədris ili başlayana qədər birmənalı şəkildə bütün şagirdlər dərslik komplektləri təmin olunur. Lakin nazirlik bu təlimatı unudub. Bu vaxta qədər belə hal olmamışdı ki, dərs ili artıq ikinci aydır ki, başlayıb, lakin şagirdlərə dərsliklər verilməyib. Bu da tədrisin təşkilinə, şagirdlərin zəruri biliklər əldə etməsinə ciddi problemlər yaradacaq”.
Ekspert deyib ki, artıq məktəblərdə KSQ, BSQ-lərin vaxtıdır. Şagirdlərə kitab verməyən nazirlik onların qiymətləndirilməsini necə həyata keçirə bilər? Deyirlər ki, PDF elektron variantda var. Axı heç də bütün valideynlərin PDF-dən istifadə etmək imkanları yoxdur: “Digər tərəfdən, valideynlərin belə bir öhdəliyi də yoxdur ki, PDF-dən kitab çap etsin. Əgər dövlət dərsliklərin çapı üçün böyük məbləğdə pul ayırıbsa, belə çıxır ki, nazirlik həmin vəsaiti mənimsəyib, yerinə heç nə qoya bilmir.
Dövlət tərəfindən dərsliklərin tam vaxtında çatdırılması ilə bağlı dərslik siyasətində də qeyd olunub və hər il avqust ayında bununla bağlı xüsusi əmr olurdu, indi isə bu yoxdur.
Təsəvvür edin, indi orta ümumtəhsil müəssisələrində yeni fənn təyin olunub - təbiət fənni. Cədvəllərdə bu fənnin adı var, amma bunun kitabı yoxdur. Daha bir məsələ, necə olur ki, bu kitabların hamısı satışda var, amma dövlət onu verə bilmir. Əlbəttə ki, dövlət pul ayırırsa, onu satışdan almaq imkanı var. Amma sabah Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq şagirdlərimiz, övladlarımız o kitabları əldə edə bilmir. Demək ki, bu məsələ Elm və Təhsil Nazirliyinə maraqlı deyil. Bir daha qeyd edirəm ki, nazirlik artıq avqust ayına işlərini planlamalı, dərslikləri hazır etməli idilər. Azərbaycanda dərsliklərə ayrılan vəsait bizim qonşu dövlətlərin ümumi büdcəsindən də çoxdur. Təkcə dərsliklərin saxlanılmasına hər il 4 milyarddan çox pul ayrılır ki, bu da Gürcüstan və Ermənistanın büdcəsindən çoxdur. Amma Elm və Təhsil Nazirliyinin müvafiq şöbələri, rəhbərliyi öz işinin öhdəsindən gələ bilmədiyi üçün bu gün Azərbaycan övladları, şagirdləri dərsliksiz, boş-boşuna dərslərə gedib gəlirlər. Bəs sonra onlar bir ayda keçirilən dərsləri haradan öyrənəcəklər? Regionlarda, dağlıq ərazilərdə yaşayan şagirdlərin vəziyyəti isə daha ağırdır, onlar təhsildən kənarda qalıb”.