Kamran Əsədov: " Son 10 il ərzində orta məktəblərə 80 mindən çox müəllim işə qəbul edilib. Deməli, sizin imtahanlar doğru deyil"
"Qiymət yazıb, diplom verdiyiniz məzunlara savadsız demək onların yox, nazirliyin ayıbıdır"
Elm və təhsil naziri Emin Əmrullayev bəzi müəllimlərin bilik səviyyəsinin aşağı olmasından şikayətlənib. Nazir REAL TV-yə müsahibəsində etiraf edib ki, müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən iki min nəfəri kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilməyib.
E.Əmrullayevin bu açıqlaması müzakirələrə səbəb olub. Orta məktəblərdə dərs deyən 2 min müəllimin sadə suala cavab tapa bilməməsi kəskin tənqidlərə tuş gəlib. Bildirilir ki, savadsız müəllimlərin məktəblərə ayaq açması savadsız nəslin yetişməsinə gətirib çıxara bilər.
E.Əmrullayevin açıqlamasını şərh edən təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında deyib ki, müəllimlərin aşağı nəticə göstərməsi hazırkı Elm və Təhsil Nazirliyinin və müəllim yetişdirən universitetlərin günahıdır: “Ölkənin 4432 orta ümumtəhsil məktəbində 142 min müəllim var. Müəllimlərin 12 mini, yəni ibtidai sinif müəllimləri Elm və Təhsil Nazirliyi tərəfindən sertifikasiya imtahanına cəlb olunub. Nəticələr isə ürəkaçan deyil. Amma burada ittiham edəcəyimiz şəxs heç bir halda müəllimlər olmamalıdır. Məktəbdə bir müəllimin biliyi zəifdirsə, onu yetişdirən sistemdir.
İndiki heyət israrla iddia edir ki, təhsil sistemində mövcud problemlər əvvəlki dövrdən qalıb. Yəni nəzərdə tuturlar ki, bu problemlər keçmiş təhsil naziri Misir Mərdanovun dövründə yaranıb.
Bu qədər gülməli fikir ancaq “Planet Parni iz Baku”nun tamaşalarında ola bilər.
Axı 2013-cü ildən etibarən təhsil sistemində sizsiniz!?.
Misir müəllim 1998-2013-cü ildə təhsil naziri olub və müstəqilliyin ilk illərində təhsil sistemində ciddi problemlər var idi. Onun dövründə qanunvericilik aktları hazırlandı, struktur dəyişiklikləri edildi.
Bəli, bu dövrdə ehtiyacdan artıq müəllim qəbulu həyata keçirilib, diplomu dövlət nümunəli olmayanların işə qəbulu həyata keçirilib.
O dövrdə bu sənədlərin sistem ilə yoxlanması mümkün olmayıb.
Axı düz 10 ildir təhsil sistemini siz idarə edirsiniz, nə dəyişib?
Bugünkü problemlərin kökündə keçmiş sistemin yaratdığı problemlər durursa da, uğurlarının da təməli o dövrdə qoyulub. Bu gün orta məktəblərdə dərs deyən müəllimlərin heç də hamısının işə qəbulu Misir müəllimin nazir olduğu dövrə təsadüf etmir.
Son 10 il ərzində orta məktəblərə 80 mindən çox müəllim işə qəbul edilib. Bu, ümumi müəllimlərin 60 faizi deməkdir. Deməli, sizin imtahanlar doğru deyil.
Son 10 ildə 2 mindən çox müəllimə əməkdar müəllim, tərəqqi medalı vermisiniz, hansı göstəricilərə görə?
10 il ərzində nə qədər təkmilləşdirilmə təlimlərinə pul ayrılıb, milyonlarla vəsait təhsilin inkişafı, müəllim keyfiyyətinin yüksəldilməsi üçün qrant layihələrinə paylanılıb. Hanı nəticə?”.
Ekspertin fikrincə, nazirin müəllimləri gözdən salmağa yönəlmiş çıxışlar etməsi düzgün deyil. Bu, Azərbaycanın təhsil sistemi üçün çox təhlükəli bir tendensiyadır. Bu açıqlamalar dayandırılmalıdır: “İmtahana cəlb olunan müəllimlərin hansısa bir test tapşırığını yaza bilməməsinin kökü ali təhsil müəssisələrindən qaynaqlanır. 10 il ərzində hansı universitetdə yoxlama aparılıb, keyfiyyətə nəzarət edilib?! Şaftalı sözünü düzgün yaza, kvadratın sahəsini hesablaya bilməyən müəllimlər yadplanetli deyil ki!? Onlar Elm və Təhsil Nazirliyinin nəzdində olan ali təhsil müəssisələrinin məzunlarıdır. Məktəbdə dərs deyən müəllimlərin yox, universitetdə təhsil alan tələbələrin bilik və savad göstəricilərini yoxlamaq, onları əmək bazarına savadlı kadr kimi hazırlamaq lazımdır. Qiymət yazıb, diplom verdiyiniz məzunlara savadsız demək onların yox, nazirliyin ayıbıdır. Müəllimlərin təkmilləşdirilməsi üçün keçirilən kursların heç biri keyfiyyətli deyil. Bu sahəyə ayrılan milyonlarla vəsait aidiyyəti qurum tərəfindən mənimsənilib. Nazir bir dəfə də öz müavinlərini, şöbə müdirlərini imtahana cəlb etsin görək onlar testdən keçə bilirlər!? Xaricdə təhsil almaqla deyil ki! Nazirliyin sektor müdirlərinin heç biri dövlət qulluğu imtahanından keçməyib”.
Millət vəkili Etibar Əliyev isə məsələ ilə bağlı öz fikirlərini belə ifadə edib:
“Elm və təhsil naziri Emin Əmrullayev maraqlı statistika açıqlayıb: “İmtahanda iştirak edən 10-11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki hər hansı bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın qarşısına çıxıb gələcəyini əlindən alırsa bundan pis nəsə təsəvvür edə bilmirəm”.
Əgər müəllim yeni məzunlar qrupuna daxildirsə, bu acınacaqlı hala görə müəllim hazırlayan ali məktəblər cavabdehlik daşıyırlar.
Əgər müəllim çoxdanın müəllimidirsə, onda o, təkmilləşməyə cəlb olunmayıb (cəlb olunubsa, lap pis), ən əsası isə özü-özünü təkmilləşdirməyib. Ali məktəblərin birində "Kimya" imtahanında tələbələrdən Xlorun (Cl) və Dəmirin (Fe) valentliyini soruşdum, bilən olmadı. Müəllim hazırlayan ali məktəblərn birində isə 4 -cü kurs "Fizikanın tədrisi metodikası" dərsində isə məşhur Maks Plank düsturunu soruşdum, bunu da bilən olmadı. "Fəlsəfə" fənnindən keçirilən imtahanın sualları isə bizim ötən əsrin 80-ci illərində keçdiyimiz cəfəngiyyat bir elm olan "Dialektik materializm"in sualları idi. Nazirin təbirincə desək, bunlar da cinayətdir...”.