Deputatlar yeni təhsil qanununu müzakirəyə çıxardı

“Ali məktəblərdə aşağı ixtisaslardan yüksək ixtisaslara keçidin qarşısı alınacaq”

  “Ali təhsil haqqında” qanun layihəsi Elm və Təhsil Nazirliyinin nümayəndələri, təhsil ekspertləri ilə müzakirə olunub”. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin dünən keçirilən iclasında komitə sədri Bəxtiyar Əliyev deyib. Komitə sədri bildirib ki, İşçi qrupun 8 iclası keçirilib: “İşçi Qrupun son iclasında artıq qanun layihəsinə komitədə baxılmasına razılıq verilib. Komitədə bu gün müzakirələri Elm və Təhsil Nazirliyi ilə birlikdə davam etdirəcəyik. İşçi qaydada bütün məsələlər öz həllini tapır”.

"Qanunvericilikdə əsas boşluq xaricdə təhsil alan tələbələrin köçürülməsi ilə bağlıdır"

  Komitə sədri Bəxtiyar Əliyev bildirib ki, qanunvericilikdə əsas boşluq xaricdə təhsil alan tələbələrin köçürülməsi ilə bağlıdır: "Ölkə daxilində fəaliyyət göstərən özəl təhsil müəssisələri ilə bizim problemimiz yoxdur, bu təhsil müəssisələrində tələbələrin köçürməsi tənzimlənir. Amma xarici ölkələrin təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi mövcud qaydalarla tənzimlənmirdi. Yeni təklif etdiyimiz qaydalar artıq bunu da əhatə edəcək”. Qeyd edək ki, “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, dövlətin vəzifələri sırasına ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması qaydalarını müəyyən etmək əlavə edilir.

“Müəllim yetişdiririk, müəllim çatışmazlığı olan məktəblərdə işləmək istəmirlər”

  Bəxtiyar Əliyev bəyan edib ki, bəzi regionlarda olan orta məktəblərdə uzun illərdir müəllim çatışmazlığı var: "Müəllim kadrları hazırlayırıq. Deyirlər ki, müəllim ixtisasına qəbul çoxdur. Amma bu ixtisası bitirənlər ya gedib o çatışmazlıq olan məktəblərdə işləmək istəmir, ya da bitirdikləri ixtisas üzrə işləmirlər. Yəni biz müəllim ixtisasına qəbul edirik və müəllim yetişdiririk. Amma onları müəllim işləməyə məcbur edə bilmərik”. B.Əliyev qeyd edib ki, müəllimlərin yerdəyişməsində bu problemlər çox yaşanır: “Müəllimlər vakansiya seçəndə Ağdamda yaşayırsa, Oğuzda olan vakansiyanı seçir. Seçim başa çatır, amma Ağdamdakı müəllim Oğuza getmir. Əsas probem budur. O zaman nazirlik də, təhsil müəssisəsi də fakt qarşısında qalır. Nazirlik də bu problemi görür. Sadəcə, biz vakansiya olan yerə ərizə verməklə bağlı ərizə verənə məhdudiyyət qoya bilmərik, mexanizmlər müəyyənləşdirilməlidir. Bu, eyni zamanda dövlət qulluğuna da aiddir”. 

“Doktorantlar köçürmə məsələsində problemlərlə qarşılaşırlar”

  B.Əliyev vurğulayıb ki, indi qanuna təklif edilən dəyişikliklər doktorantları əhatə etmir. Magistratura və bakalavriat səviyyələrinə bu qaydalar şamil ediləcək. Komitə sədri bildirib ki, bununla bağlı doktorantlar bizə müraciət ünvanlayır: “Doğrudur, bu gün doktorantların təhsil aldıqları müəssisələri dəyişdirmək istəyəndə bir çox ciddi problemlərlə qarşılaşırlar. Çünki hazırkı qanunvericilikdə elmi təşkilatların doktoranturası var, onlar ləğv edildikdə köçürmə məsələsi ortaya çıxır. Amma bütün hallarda tələbə deyiriksə, doktorant da tələbə hesab olunur. Bu kimi məsələlər yeni hazırlanan “Ali təhsil haqqında” qanun layihəsində nəzərə alınmalıdır”.

"Rayonların çoxunda müəllim yeri boşdur"

  Deputat Aqiyə Naxçıvanlı da qeyd edib ki, rayonların bir çoxunda müəllim yeri boşdur, bu problemi həll etmək lazımdır: "Oğuzda yaşayan İmişliyə düşür: “Ola bilməz ki, bunu sistemləşdirək, elə Oğuzda yaşayan öz yurdunda, yuvasında işləsin”. 

“Rektorlar köçürmə ilə bağlı akademik arayışların verilməsindən qaçırlar”

  Deputat Etibar Əliyev deyib ki, 1998-ci ildən 2013-cü ilə qədər 32 min tələbə köçürülüb. O bildirib ki, Dövlət İmtahan Mərkəzi 15 ixtisas seçmək hüququnu abituriyentə verir: “Əgər tələbə 550 bal toplayıb Tibb Universitetinə girməyibsə, o, Biologiya fakültəsinə gedir. Aydın olur ki, bal uyğunsuzluğu ucbatından həmin tələbə Tibb Universitetinə köçürülə bilmirdi. Çünki Təhsil Nazirliyi bal uyğunluq tələbini qoymuşdu. Digər tərəfdən, rektorlar köçürmə ilə bağlı akademik arayışlarının verilməsindən qaçırlar. Bu qanunun qəbul olunmasında hamımız maraqlıyıq. Çünki həm də bununla ali təhsil müəssisələrinin maliyyə müstəqilliyi bərpa da olunar”. Komitə sədri Bəxtiyar Əliyev qeyd edib ki, 2019-cu ilə qədər ali məktəblərin nümunəvi nizamnaməsinin 3.9-cu bəndində bu məsələ var idi: 

“Hüquqi bazanın olmaması ilə bağlı kəskin fikir söyləmək lazım deyil”

  Millət vəkili Ceyhun Məmmədov vurğulayıb ki, universitetlərdə çoxlu tənzimlənməyən məsələlər var. Deputat bildirib ki, yeni hazırlanan “Ali təhsil haqqında” qanun layihəsində bu məsələlər öz əksini tapır: “Digər tərəfdən, son vaxtlar qanundan çox qaydaya daha çox yönəlirik. İdarəçiliyin tam mərkəzləşdirilməsi prosesi gedir. Amma bəzən regionda yaranan problemin bu şəkildə həlli üçün xeyli vaxt lazım olur. Bu məsələni də araşdırmalıyıq”. 

  Parlamentin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəyli deyib ki, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi sahəsində 2013-cü ildən təkmilləşmə prosesi gedir. O bildirib ki, uzun illər bu proses ali təhsil müəssisələrinin nümunəvi Nizamnaməsinə əsasən həyata keçirildiyindən bir çox hallarda pərakəndəliyə və qeyri-şəffaflığa səbəb olur: 

“Lakin indiki halda bu gün köçürmələrlə bağlı qaydaların qanunvericilik səviyyəsinə qaldırılması bu qaydaları daha da ciddiləşdirmək və yaxud hamı üçün məqbul olan hüququ təmin etmək üçün əhəmiyyətlidir. Bu, ali məktəblərdə köçürmələrdə aşağı ixtisaslardan yüksək ixtisaslara keçidin də qarşısını alacaq”.