Şagirdlərin cəzalandırılması daha ciddi problemlər yaradacaq


Kamran Əsədov: "Əksinə, məktəbə, müəllimə qarşı aqressiyanı artırmış olacaqlar, şagirdlər müəllimlərə, məktəbə qarşı birləşəcək artıq"
Rafiq İsmayılov: "Təhsil Nazirliyinin inzibati cəza tədbirləri tətbiq etməsini daha çox onların çarəsizliyi ilə əlaqələndirirəm"

  Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər müəyyənləşib. Bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib. Onun sözlərinə görə, inzibati tədbirlər şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiq ediləcək. Bunun üçün məktəblərdə şagirdlərin davranış pozuntularının ağırlıq dərəcəsi təsnifatlara bölünüb. Həmin təsnifatlar davranış pozuntularının ağırlıq dərəcəsini təyin edəcək. E.Əliyev bildirib ki, şagird davranış qaydaları ümumtəhsil məktəbləri üçün çərçivə xarakteri daşıyır: “Bu qaydalar əsasında məktəblər özləri də daxili qaydaları tərtib edə bilərlər. Nizamnamədə onlara bu səlahiyyət verilib. Məqsəd şagirdlərin bütün davranış qaydalarını nazirlikdən idarə etmək deyil”.
  Həmin səviyyələr aşağıdakılardır:
1-ci səviyyə: Yüngül səviyyəli qayda pozuntuları
  Üzrsüz səbəbdən dərsə gecikmək, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranmaq və s.
2-ci səviyyə: Orta səviyyəli qayda pozuntuları
  Yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək, təhlükəsizlik qaydalarını pozmaq (məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək), başqalarına emosional-fiziki zərər vuran ehtiyatsız hərəkət və davranışa yol vermək və s.
3-5-ci səviyyə: Ciddi və ağır qayda pozuntuları
  Başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq, əks cinsin nümayəndəsinə qarşı qeyri-etik şəkildə davranmaq, zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq və s.
  Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:
- müəllim baxışı, qeyri-verbal münasibət
- şagirdlərlə sakit söhbət
- xəbərdarlıq
- uzaqlaşdırma
- valideyn ilə əlaqə saxlamaq
- dərsdən sonra şagirdin məktəbdə saxlanması
- psixoloqa yönləndirmə
- sarı xəbərdarlıq məktubu
- narıncı xəbərdarlıq
- qırmızı xəbərdarlıq.
  E.Əliyev qeyd edib ki, məktəbdaxili nizam-intizam qaydalarına riayət edilməsinə və qaydaları pozanların inzibati cəzaya cəlb edilməsinə nəzarət məqsədilə məktəblərdə İntizam Şuraları yaradılacaq. Şuraların yaradılması və tərkibində valideynlərin iştirakı məcburi olacaq.
  Məlum məsələdir ki, İntizam Şuraları, şagirdlərə cəza kəsilməsi məqsədilə qayda pozuntularının təsnifatlaşdırılması, sarı, narıncı, qırmızı “kartlar”, filan, hamısı son zamanlar məktəblərdə baş verən və sosial şəbəkələrdə yayılan görüntülərlə bağlıdır. Bir şagird digərini döyür, şagirdlər sinif otağında qayğanaq bişirir, şagird müəllimi lağa qoyur, müəllim... yox, müəllimlərlə bağlı, hələ ki, cəza tədbirləri düşünülməyib. Bəlkə yaxın zamanda bu da oldu. Bu gedişlə, artıq nələr görəcəyimizi təxmin etmək çox çətindir. Əsas məsələ isə budur; cəza tədbirləri ilə məktəblərdəki nizam-intizamsızlığı aradan qaldırmaq mümkün olacaqmı? Parlamentdə də İntizam komissiyası var, deputatları cəzalandırırlar, futbolda da sarı-qırmızı kart ənənəsi var, özünü yaxşı aparmayan futbolçunu hakim sahədən kənarlaşdırır, hətta ağır qayda pozuntusunda, məsələn, tərəf-müqabilinə ağır zədə yetirdikdə futbolçu bir neçə oyuna buraxılmır, yəni cəzası ağırlaşır. İndi nə edəcəklər, qaydanı pozan şagirdi məktəbdən çıxaracaqlar, ya sinifdə saxlayacaqlar? Bu, orta əsr “inkvizisiya” qanunlarına bənzədi bir az. Bəs ekspertlər hansı fikirdədir? 
  Təhsil eksperti, fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında şagirdlərin inzibati cəzalara məhkum edilməsinin dünya təcrübəsində olmadığını dedi: 
- Belə bir şey dünyann heç bir yerində yoxdur.  Bunu özlərindən uydururlar, gecə yatıb yuxuda nə görürlərsə, səhər onu tətbiq edirlər. Təhsilin keyfiyyətini yüksəltmək, şagirdləri nizam-intizama cəlb etmək şagirdi cəzalandırmaqla mümkün olacaq iş deyil. Şagirdin cəzalandırılması dünyada qəbul edilmir. Şagirdi cəzalandırmaqla nə onu nizam-intizama cəlb etmək mümkündür, nə də təhsilə marağını artırmaq. Əksinə, şagirdi cəzalandırmaqla onda məktəbə, müəllimə qarşı aqressiyanı artırmış olacaqlar, şagirdlər müəllimlərə, məktəbə qarşı birləşəcək artıq. Bu da məktəblərdə daha ciddi problemlər yaradacaq. Təlim-tədris sistemində cəza anlayışı ümumiyyətlə yoxdur.  Müəllim-valideyn əməkdaşlığını sağlam şəkildə qurmaq, şagirdi təşviq etmək, onda təlimə, təhsilə həvəs oyatmaq, şagirdə məsuliyyət yükləmək anlayışları var, bunu da bizim Təhsil Nazirliyi və tabeliyində olan qurumlar bacarmır. İntizam Şurası nə deməkdir? Necə yəni valideynlərin orada təmsil olunması məcburidir?! Valideyni intizam şuralarında təmsil olunmağa niyə məcbur etməlidirlər? Bütün məktəblərdə pedaqoji şuralar fəaliyyət göstərir. Bu pedaqoji şuralarda müəllimlərlə yanaşı valideynlər də təmsil olunur. İkinci bir şuraya heç ehtiyac yoxdur. Sadəcə, məktəblər artıq idarəolunmaz səviyyəyə çatıb. Məktəblilər də həmçinin. Bunun da baiskarı yarıtmaz fəaliyyət göstərən Təhsil Nazirliyidir, Azərbaycan təhsilini bu cür bərbad hala salanlardır. Mən artıq bir neçə dəfə onlara səslənmişəm  ki, cənablar, xanımlar, sizin vəzifə başında qaldığınız hər saniyə təhsilimizi uçuruma daha da yaxınlaşdırır. Lütfən, istefa verin, gedin. İşi bacaranlar gəlsin.
Fəlsəfə doktoru Rafiq İsmayılov isə “Şərq”ə açıqlamasında intizam şuralarının və cəza tədbirlərinin məcburiyyətdən yarandığını bildirdi: 
- Qədim dövrlərdə, ötən əsrlərdə seminariyalarda, monastır məktəblərində xüsusi cəza tədbirləri düşünürdülər. Biz keçmişə - falaqqa ənənəsinə qayıda bilmərik. Şagirdə fiziki zor tətbiq etmək yolverilməzdir, qanun pozuntusudur, uşağın hüquqlarını tapdalamaqdır. Təhsil Nazirliyinin inzibati cəza tədbirləri tətbiq etməsini daha çox onların çarəsizliyi ilə əlaqələndirirəm. Son hadisələrin fonunda görünür ki, buna ehtiyac yaranıb. Təhsil Nazirliyi intizam şuraları yaratmağa, qaydalar pozuntusunu təsnifatlara bölüb inzibati cəzalar müəyyənləşdirməyə məcbur olub. Başqa nə edəsən? Bu, uşaqdır. Onu başqa cür necə cəzalandırsınlar? Həbs etsinlər? Müəllim, məktəb rəhbərliyi məcburdur, hansısa təsir vasitələrindən istifadə etsin. Düzgün tərbiyə olunmamış, çətin islah olunan, xarakterində aqressivlik, qabalıq, kobudluq olan şagirdlər var. Həmişə müəllimləri, nazirliyi günahlandırırlar, amma özümüzü qoyaq o müəllimin, nazirliyin yerinə. Nə etsinlər?  İpə-sapa yatmayan uşaqla necə rəftar edilsin? Əvvəllər xüsusi məktəblər vardı, gecə məktəbləri vardı. Çətin tərbiyə olunan uşaqlar üçün xüsusi məktəblər fəaliyyət göstərirdi. Bunlar bir növ “cərimə batalyonu”nu xatırladırdı. Dərsi pozan, davranışını bilməyən, ümumi təlim-tədris prosesinə ziyan vuran uşaqları belə məktəblərə yönləndirirdilər. Mən artıq düşünürəm ki, bəlkə də yaxın zamanda bu tip məktəblərin yaranması da artıq zərurət halını alacaq. Çünki problem getdikcə dərinləşir. Belə hesab edirəm ki, TN orta məktəblərdə intizam şuraları yaratmaqla, nizam-intizamı pozan şagirdlərə qarşı inzibati cəzaların tətbiqini nəzərdə tutmaqla məktəblərn daxili nizam-intizamının bərpa edilməsinə çalışmaq istəyir. Güman edirəm ki, bunun xeyri olar. Hər hansı şagirdlə bağlı yaranmış problemin valideynin iştirakı ilə həll edilməsi müsbət haldır. Ümid edək ki, yeni yaradılacaq şuralar faydalı olar, məktəblərdə ümumi ab-hava düzələr.