İnam çox azdır: Qadağalarla məktəblərdə nizam-intizam yaratmaq mümkün olmayacaq

Əhməd Qəşəmoğlu: “Problem Elm və Təhsil Nazirliyinin qadağaları əsaslandıra bilməməsindədir”

“Onlara elə gəlir ki, hamıdan ağıllıdırlar. Amma görürük ki, bu “ağıllı” adamlar illərdir təhsil sahəsini heç bir addım da irəli aparmayıb”

  Elm və Təhsil Nazirliyi orta ümumtəhsil məktəbləri ilə bağlı yeni qaydalar müəyyənləşdirib. Yeni qaydalar “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”, “Ümumi təhsil müəssisələrində şagirdin davranış qaydaları”nda əksini tapıb. Yeni qaydalarda şagirdlərin məktəbdə ağıllı telefonlardan istifadəsinə qadağalardan başlamış, geyim tərzlərinədək, hətta valideynlərin məktəblə, müəllimlərlə nə zaman əlaqə saxlaya bilərə qədər, demək olar, hər bir detal ayrıca qeyd edilib. Görünən budur ki, Elm və Təhsil Nazirliyi orta məktəblərdəki özbaşınalığa son qoymaq üçün qollarını çırmayıb. Amma nazirlik əlini boşuna bulamış olmasın?!. 

Tətbiq edilən qadağaların, yeni qaydaların, nizam-intizam toplusunun, valideynlərin məcburi iştirakı ilə yaradılan İntizam Şuralarının təhsilin keyfiyyətinə, məktəblərdə səliqə-səhman yaradacağına inam, açığı, çox zəifdir. 
  Məsələ bundadır ki, cəmiyyət qadağa sözünü aqressiv qarşılayır. Nazirliyin məktəbli geyimi ilə bağlı tətbiq edəcəyi qadağalara artıq indidən sərt reaksiyalar verilir. Növbəti tədris ilindən tətbiqi gözlənilən yeni qaydalara görə, məktəblinin saçının uzunluğu çiyindən aşağıdırsa, saçlar arxada toplanmalıdır, geyim dar, dizdən yuxarı olmamalı, məktəbli dərsə hündürdaban ayaqqabıyla gəlməməli, zinət əşyalarından istifadə etməməlidir. Saçlar boyanmamalı, dırnaqlar rəngli, uzun olmamalıdır. Məktəbli qızlara hər hansı makiyaja, oğlanlara isə saç uzatmaq, saqqal saxlamağa icazə verilməyəcək.   
  Qadağalar valideynlər tərəfindən birmənalı qarşılanmayıb.

 Ekspertlər arasında da yenə fikir ayrılıqları mövcuddur. Qadağaları lazımlı sayanlarla yanaşı, onları əhəmiyyətsiz hesab edənlər də var. Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, məktəblərdə qoyulan qadağalar çox əhəmiyyətsizdir. 

Professor qeyd edib ki, bu, Azərbaycan xalqının arzuladığı təhsil deyil: 

- Məktəblərdə qoyulan qadağaları doğru hesab etmirəm. SSRİ-də atom bombası layihəsinin elmi rəhbəri, akademik Yuli Xariton deyirdi ki, elmdə, təhsildə qadağalar olmaz, amma hərbidə olar. Elm-təhsil hərb deyil ki, orada hər şey qadağalarla olsun. Məktəbə ona görə pul ayrılır ki, uşaqlara faydalı, effektli tədris verilsin. Yoxsa qadağan etmək nədir? Çox əhəmiyyətsiz bir şeydir. Bu problem gündəlikdə varsa, kökünü tapıb həll etmək lazımdır. Bunun səbəbini hüquqşünas, iqtisadçı heç vaxt bilməz. Nəyi, necə etmək lazım olduğunu yalnız pedaqoqlar bilər. Əlbəttə ki, məktəbli forması alqışlanası bir hadisədir. Məktəb o qədər yaxşı olmalıdır ki, uşaq o formanı geyinəndə məktəbliyəm deyib, fəxr etməlidir".

  Ekspertin fikrincə, formanı zorla məktəbliyə geyindirmək, yaxud çıxartmaq doğru deyil: 

"Bu, Azərbaycan xalqının arzuladığı təhsil deyil. Ola bilər, kimlərsə bunu arzu edib. Xarici filmlərə nəzər yetirsəz görərsiz ki, məktəblərdə uşaqlar stolun üstünə çıxır. Lakin müəllim onu qadağan etmir, sadəcə, başa salır. Tərbiyə sistemi nədən ötrüdür? Qadağalar qoymaqdansa, məktəbdən qovulmuş tərbiyə sistemini yenidən məktəbə gətirsinlər".
  Sosioloq, təcrübəli pedaqoq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, problem Elm və Təhsil Nazirliyinin qadağaları əsaslandıra bilməməsindədir: 
- Təhsil Nazirliyini başa düşürəm, valideynləri də, özünü təhsil eksperti adlandıranları da. Hər kəs öz mövqeyində haqlıdır. Həm də haqsızdır. Problem bundadır ki, ortada metodoloji cəhətdən səhv yanaşma mövcuddur. Azərbaycan təhsilinin ən böyük çatışmazlığı dərs mühitinin olmamasıdır. Bunu təmin etmək üçün də lazımi səviyyədə təcrübə çatmır. Bunlar elə məsələlərdir ki, səhv addım atmaq olmaz. Lakin görürük ki, ard-arda səhv addımlar atılır, nəticə etibarilə bütün səhvlər toplaşıb təhsil sistemimizi bərbad hala salıb. Artıq bir neçə onillikdir, tövsiyə olunur ki, cəmiyyətə “bunu et, bunu etmə” prinsipini diktə etmək olmaz. Hazırda 20-30 il əvvəlki idarəetmə üsulu ilə idarə etmək mümkün deyil. Sosial həyatın istənilən bir sahəsində, o cümlədən təhsildə uğur qazanmaq üçün o sahədə elə vəziyyət yaradılmalıdır ki, mövcud potensial üzə çıxsın və o sahə özü hərəkətə keçsin. İndiki vaxtda mühit arzuolunmazdır. Fikir vermisinizsə, sentyabr ayında yeni tədris ili başlananda “qarnı açıq” (qısa koftalar) qızlar da çoxaldı. Şəxsən mən tələbələrimə bu cür geyimlərdə dərsə gəlməyi qadağan etmişəm. Bildirmişəm ki, bu cür geyimli qızlar auditoriyaya daxil olmasın. İndi kimsə, iddia edə bilər ki, mən tələbənin geyim azadlığını məhdudlaşdırıram. Bunu kim iddia edirsə, dar düşüncəli, metodika, pedaqogika və psixologiyadan bixəbər insandır. Auditoriyada bir tələbə qızın qısa ətəkdə, yaxud bel, qarın nahiyəsi açıq koftada əyləşməsi, təbii olaraq digər tələbələrin diqqətini dağıdacaq. Eləcə də əgər tələbə və ya şagird dərsə qulağında sırğa, müxtəlif bəzək, zinət əşyaları ilə gəlirsə, digər tələbə və şagirdlərin dərsdə diqqətinin dağılacağı labüddür. O uşaqların fikri dərsdə olmayacaq, gərginlik yaranacaq. Bunu kimsə, nəfsi cilovlamaqla, ehtirası ələ almaqla əlaqələndirməyə çalışmasın. Məktəb, sinif otağı, eləcə də auditoriya təcrübə poliqonu deyil, yoxlayaq ki, beli, qarnı açıq tələbə qız və ya şalvarı belindən düşən oğlana çoxmu diqqət yetirildi, dərsdə fikir yayındı, yayınmadı. Birdəfəlik qəbul edilməlidir ki, təhsil ocağının öz geyim tərzi olmalıdır. Sadəcə, problem nazirliyin adi sayılan bu məsələni düzgün formada ictimaiyyətə çatdıra bilməməsindədir. Nazirlik izah edə bilmir, əsaslandıra bilmir ki, niyə məktəbli qız saçlarını çiyinlərindən aşağı salmamalıdır, niyə dar, qısa geyimdə, sığayla, bahalı saatla, saqqalla məktəbə gəlmək olmaz və sair. Nazirlik əvvəlcə ictimai fikri hazırlamalıdır ki, obyekt hərəkətə gəlsin və özü prosesə qoşulsun və prosesə kömək etməyə başlasın. Mənim tələbələrim tətbiq etdiyim qaydaları normal qarşılayır və əməl edirlər. Çünki onlara əvvəlcə bunun səbəbini başa salmışam, anlatmışam. Mənim auditoriyam buna hazırdır. 
  Təhsil Nazirliyi də qaydaları tətbiq etməzdən öncə, şagirdlərə “niyə sən bu formanı geyinməlisən”i anlatmalıdır. Baxın, Qori seminariyasında cəmi 7 sinif olub. Amma bu seminariyada dahilər yetişib. Çünki orda həqiqi təhsil mühiti vardı. Qori seminariyasının tələbələri vahid geyimdə idilər. Davranış qaydaları da çox sərt idi. Amma bu, tələbələrin yüksək savad almasına mane olmurdu. Mən qətiyyən bu fikirdə deyiləm ki, orta və ya ali məktəblərdə sərt qaydalar tətbiq edilməlidir. Xeyr, təhsil müəssisəsində elə bir mühit olmalıdır ki, şagird özünü şagird, tələbə də tələbə kimi hiss etsin və buna uyğun davransın. Bunun üçün də təhsil mühitinin sağlamlaşmasına xidmət edəcək qaydalar tətbiq edilməlidir. Bura geyim də daxildir, şagirdlərin, müəllimlərin davranışı da. Məktəb təlim və tədris ocağıdırsa, şagirdə təhsillə yanaşı, davranış qaydalarını da öyrətməli, insan yetişdirməlidir. 
  Ə.Qəşəmoğlu qeyd etdi ki, hazırda Elm və Təhsil Nazirliyinin qarşısında olduqca zəruri iş dayanır: 
- Nazirlik təhsil mühitinin sağlamlaşdırılması üçün yollar, vasitələr axtarmalıdır. Ailələrlə iş sistemi qurulmalıdır, valideynlərlə birgə iş aparılmalıdır, məktəblərdə sosial işçilər olmalıdır. Mən bunu neçə ildir deyirəm, amma eşidən yoxdur. Mənim tələbəm səviyyəsində olmayan məmur hər hansı təklif qəbul etmək istəmir. Onlara elə gəlir ki, hamıdan ağıllıdırlar, amma görürük ki, bu “ağıllı” adamlar illərdir təhsil sahəsini heç bir addım da irəli aparmayıb.