Səbəblər çoxdur:Azərbaycan universitetləri dünya reytinqlərində yer ala bilmir

Osman Gündüz: "Universitetlərimizin beynəlxalq reytinqlərdə irəliləməsi üçün daha çox işi hökumət görməlidir"

Kamran Əsədov: "Azərbaycanda professor, müəllim heyəti əsasən Boloniya sistemindən xəbərsizdir, bu sistemin mahiyyətini anlamır"

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması 


  Beynəlxalq təhsil və elm aləmində reytinq müəyyənləşdirən bir neçə akademik qurum var. Həmin qurumlar oturuşmuş kriteriyaları və qiymətləndirmə mexanizmi ilə hər il dünya universitetlərinin beynəlxalq reytinq sıralamasını aparır.
  Dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri “QS” - Quacquarelli Symonds təşkilatıdır. “QS” reytinq cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələr, müəllim-tələbə nisbəti, elmi nəşrlər, xarici tələbə və müəllimlərin faizi kimi meyarlara görə formalaşdırılır. Böyük Britaniyanın "Times Higher Education" jurnalı, Çinin Şanxay reytinq cədvəli də etibarlı mənbələrdən sayılır. Universitetlərimizin tanınmış reytinqlərdə nəzərəçarpan yer tutması isə bir qədər müşkül olub.

  Bəs, Azərbaycan universitetləri niyə dünya reytinqlərində yer ala bilmir?

  Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun Trend-ə açıqlamasına görə, dünyada bir çox reytinqlər mövcuddur. Bu reytinqlərin hansının ədalətli olması bir çox hallarda mübahisə doğurur: “Bütün hallarda Azərbaycan universitetləri bu reytinqlərdə yer almaqla bağlı ciddi şəkildə düşünməldirlər. Bu reytinqlərdə yer almaq üçün bir çox parametrlər mövcuddur və bu parametrlərə əməl olunması bizim universitetlərin inkişafında müsbət yer ala bilər. Universitetdə təhsil alan tələbələr, tədqiqatların keyfiyyəti, çalışan xarici müəllimlərin sayı bu parametrlərə daxildir. Son illərdə Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülür.
  Bütövlükdə, hər bir universitetin bu istiqamətdə strategiyası olmalıdır. Qarşılarına müəyyən bir hədəf qoymalıdırlar və o hədəflərə çatmaq üçün işlər görülməlidir. Bu, xeyli zaman aparan bir prosesdir”.  

  Milli Məclisin deputatı Ceyhun Məmmədov bəzi universitetlərin beynəlxalq reytinq sisteminə maraq göstərmədiklərini qeyd edib: "İlk olaraq sual yaranır ki, universitetlərimiz bu məsələdə nə dərəcədə maraqlıdırlar. Bəzi universitetlər bu istiqamətdə müəyyən işlər görür, amma bir sıra universitetlər buna maraq göstərmir. Məsələn, hazırda bəzi bölgə universitetləri inkişaf üçün çalışır, yenilikçi addımlar atır. Əsas məsələlərdən biri də tədrisin keyfiyyətidir, universitetlərimizdə məzmun və keyfiyyət məsələsinə diqqət etməliyik. Həmçinin ali təhsil müəssisələrimizin beynəlxalq standartlara uyğunlaşdırılmasına çalışmalıyıq”.
  Deputat qeyd edilən məsələ ilə bağlı nazirlik yanında komissiyanın yaradılmasını təklif edib: "Düşünürəm ki, universitetlərimizin beynəlxalq qiymətləndirmələrdə iştirakı ilə bağlı Elm və Təhsil Nazirliyi yanında komissiya yaradılmalıdır. Bu komissiyada universitetlərin beynəlxalq əməkdaşlıq şöbələrinin nümayəndələrilə müzakirələr aparılmalıdır. Bu komissiyanın fəaliyyəti qeyd edilən istiqamətdə lazımi addımların atılması üçün vacibdir. Hazırda Ermənistanla bağlı bir çox müzakirələr təşkil edilir. Onlar bu məsələ ilə bağlı kifayət qədər işlər görürlər. Erməni diasporu təhsil mövzusuna da xüsusi diqqət edir. Biz də universitetlərimizin beynəlxalq reytinq sıralamalarında yaxşı mövqelərdə qərarlaşması üçün lazımi addımları atmalıyıq".

  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz qonşu ölkələrin ali təhsildəki irəliləyişlərinə diqqət çəkərək, rəqabət mühitinin çətinliyini vurğulayıb: “Reytinq cədvəlləri ali təhsildə rəqabət mühiti formalaşdırır. Bu mühitdə çox güclü xarici ali təhsil müəssisələri var. Məsələn, sadəcə, Eskişehir Universitetinin aeroportu var. Bəzi universitetlərin bir fakültəsinə bizim bir universitetimizin binası həcmində yer verilib. Bu kimi universitetlərlə bizim ali təhsil müəssisələrimiz necə rəqabət aparsın? Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ilə biz ötən aylarda bəzi Türkiyə universitetlərində olduq. Qardaş ölkənin universitetləri son illərdə çox inkişaf edib. Burada həmçinin Qazaxıstan, Qırğızıstan universitetlərinə də diqqət çəkmək lazımdır. Bizim ali təhsil müəssisələrimizdə isə inkişafa nail olmaq üçün çox sayda addımlar atılmalı, mövcud problemlər aradan qaldırılmalıdır”.

  O.Gündüz hesab edir ki, universitetlərimizin beynəlxalq reytinqlərdə irəliləməsi üçün daha çox işi hökumət görməlidir. Onun sözlərinə görə, çox sayda nümunələr var ki, sanki hökumət hətta qabağa çıxmaq istəyən  universitetlərimizi, necə deyərlər, "tutub saxlayır": “Rəqabətli mühitin inkişafı əvəzinə, mühit daha da məhdudlaşdırılır. Məsələn, gözümüzün önündədir ki, UNEC və digərləri distanta xeyli investisiyalar yatırdılar, müəllimləri, elektron resursları hazırladılar. 
  Lakin bununla onlar nəinki irəli çıxa bildilər, nəinki yeni təhsil xidmətini lokal və qlobal bazara çıxara bildilər, yatırılan investisiyadan nəinki  pul qazana bildilər, əksinə, ziyana düşdülər. Səbəb çox sadədir. Qanunvericilik bu tip universitetlərin irəli çıxmasına mane olur. ETN də bu istiqamətdə yetərincə təşşəbbüskar deyil.
  Ölkədə on illərdi ki, rəqəmsallaşma gedir. Tələbələrin siyahıları bir neçə qurumun elektron reyestrlərindədir. Yəni tələbə miqrasiyasına  nəzarət üçün hökumətin yetərli imkanları var. Amma hökumət diplom vermək səlahiyyətini universitetlərə vermək istəmir.  Universitetlərimiz özlərinin təşkil etdiyi,  beynəlxalq standartlardan aşağı olan distant təhsil əsasında tələbəyə diplom verir və hökumət bunu tanıyır. Amma Harvardı distant bitirənin diplomunu tanımır. Çünki qanunlarımız buna imkan vermir.  Hətta ən xırda məsələlər üçün universitetlər ETN-ə müraciət etmək məcburiyyətindədir. Universitetlərimizin muxtariyyatı, müstəqilliyi ilə bağlı ciddi problemlər var. Düşünürəm ki, hökumət, universitetlərimiz regional və qlobal  təhsil bazarına çıxmaq üçün, regional və qlobal təhsil platformalarına inteqrasiya üçün hələ çox iş görməlidir”.
  Təhsil eksperti Kamran Əsədov isə deyib ki, dünyanın nüfuzlu agentlikləri dünya universitetlərinin reytinqinin tərtib olunmasında bir neçə meyar - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzərə alınır: “Universitetlər artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır. Artıq dünya universitetləri özləri pul qazanır, böyük büdcəyə sahibdirlər. Bizim universitetlər isə bu tendensiyalardan kənarda qalır. Ona görə də ali təhsil pilləsində ciddi şəkildə islahatlar həyata keçirilməlidir, müasir təhlili bilən, dünya təhlilindən xəbərdar olanlar idarəetməyə cəlb olunmalıdırlar. Çünki Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakter daşıdığından dünyada əhəmiyyəti olmayan mövzular olur. Ona görə də bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır. Başqa səbəb isə universitetə xarici tələbə axınının az olmasıdır. Təəssüf ki, bizim bəzi universitetlərin idarəçiliyi də aşağı səviyyədədir. Yəni bəzi universitetlərin rektoru təhsil ocağını şəxsi biznesləri kimi idarə edirlər. Azərbaycandakı ali təhsil müəssisələrinin çoxu dörd divar və partalardan ibarətdir. Hətta bəzilərinin heç kitabxanası da yoxdur”.
Ekspert, həmçinin vurğulayıb ki, ən etibarlı reytinq Böyük Britaniyanın ”Times Higher Education" jurnalı və “Thomson Reuters” agentliyinin hazırladığı reytinq hesab olunur.
“Bu agentliyin reytinqinin hazırlanması zamanı həmin universitetlərdə təhsilin qiyməti, internetə çıxış imkanları, müasir avadanlıqlarla təchiz olunma səviyyəsi və sair meyarlar əsas götürülür. Təəssüflər olsun ki, Azərbaycan universitetləri bu reytinqdə yoxdur. Azərbaycanda ali təhsilin bütövlükdə aşağı səviyyədə olması sirr deyil. Köhnə sovet tədris sistemi davam etdirilir. Ümumiyyətlə, Azərbaycanda professor, müəllim heyəti əsasən Boloniya sistemindən xəbərsizdir, bu sistemin mahiyyətini anlamır. Anlamadığından da onu təhrif olunmuş bir şəkildə tətbiq edir, hər zaman da əleyhinə təbliğat aparır. Ali məktəbi əla qiymətlərlə bitirən məzun işsiz gəzib dolaşır, onunla bərabər oxuyan və ondan çox zəif oxuyan tələbə müxtəlif yollarla yaxşı vəzifə tutur. Buna görə də Azərbaycanda təhsilə yalnız diploma sahib olmaq vasitəsi kimi baxırlar. Əlbəttə ki, istisnalar da var”.