Heç də bütün ibtidai sinif müəllimləri yüksək maaş almır
Təhsil naziri Emin Əmrullayevin ibtidai sinif müəlliminin institut direktorundan çox maaş alması ilə bağlı fikirləri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Cəmiyyətin bir qismi bunu müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrin nəticəsi kimi dəyərləndirib. Digər kəsim isə nazirin bu açıqlamasını təhsil sahəsindəki mövcud problemlərin açıq şəkildə etirafı kimi qəbul edir.
Təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında deyib ki, müəllimlərin əməkhaqqı nə qədər çox olsa belə, yenə də onların zəhməti qarşılığında azdır: “Hörmətli Emin müəllimin qeyd etdiyi əmək haqqını isə heç də bütün ibtidai sinif müəllimləri almır. Görünür, cənab nazirin ibtidai sinif müəllimlərinin sayı, ibtidai siniflərin sayı və onların dərs yükü ilə bağlı o qədər də məlumatı yoxdur. Fikrimcə, bu ifadə ilə nazir ibtidai sinif müəllimlərinə böyük hörmətsizlik etmiş oldu.
Bu gün ölkənin 4432 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır. 1000 manatdan yuxarı maaş alan müəllimlərin sayı 5 min nəfərdir və bu da orta hesabla hər məktəbdə 1 nəfərin bu yüksək məbləğli maaşı ala bilməsi anlamındadır.
Əksər kənd rayonlarındakı məktəblərdə musiqi, təsviri incəsənət, texnologiya, fizika və kimya fənləri üzrə 5-6 saat, coğrafiya, biologiya və informatika fənləri üzrə 8-9 saat, fiziki tərbiyə fənni üzrə 10 saat və tarix fənni üzrə 12 saat dərs mövcuddur. Bu cür məktəblərdə ali təhsilli riyaziyyat, dil-ədəbiyyat və xarici dil fənn müəllimlərinin heç biri tədris-yardımçı heyət olan və orta təhsilli UBTR, kitabxanaçı və laborant qədər belə maaş ala bilmir. Ali təhsilli müəllimin psixoloq qədər maaş alması üçün azı 14 saat, tam orta təhsilli UBTR və kitabxanaçı qədər maaş alması üçün azı 13 saat, hətta ümumi orta təhsilli laborant qədər maaş alması üçün azı 12 saat dərs deməlidir. Qeyd etdiyimiz məktəblərdə ali təhsilli informatika, biologiya, kimya və fizika müəllimlərinin IX sinfi bitirib ümumi orta təhsil alan informatika, biologiya, kimya və fizika laborantları qədər belə maaş ala bilməməsi çox dəhşətli mənzərə yaradır.
Ali təhsilli müəllimlərin hətta texniki işçilər, yəni xadimə qədər əməkhaqqı alması üçün belə azı 10 saat dərs saatlarını tədris etməsi lazımdır. Orta ixtisas təhsilli sinif və fənn müəllimlərinin minimum əməkhaqqı qədər maaş alması üçün isə azı 12 saat dərs deməsi tələb olunur”.
Ekspertin sözlərinə görə, qanunvericilikdə müəllimlər üçün məktəblərdə ştat vahidi mövcud olmasa da, onların həftədə 36 astronomik saat iş yerində olması tələb edilir: “Müəllimlər üçün ştat vahidi olmadığı kimi yarımştat anlayışı da mövcud deyil. Yəni müəllimlərin əməkhaqları bir dərs yükünə uyğun ödənilsə də məktəblər onların əsas iş yeri hesab edilir. Bu o deməkdir ki, həftədə 6 akademik saat dərs deyən müəllim də, 36 akademik saat dərs deyən müəllim qədər, yəni həftədə azı 36 astronomik saat işdə olmalıdır. Bu da məktəblər əsas iş yeri olan və aşağı dərs saatına malik müəllimlərin digər iş yerlərində ən yaxşı halda saathesabı, yarımştat və ya əlavə iş yeri kimi işləməsini mümkün edir.
Bu gün ibtidai sinif müəllimlərinin sayı, ibtidai siniflərin sayından dəfələrlə çoxdur ki, bu da onların tam stafka dərs yükünün formalaşmasına maneə olur.
Yəni bütün ibtidai sinif müəllimlərinin çox əmək haqqı alması fikrini formalaşdırmaq təhsil sistemindən məlumatsız olmaqdan başqa bir şey ifadə etmir.
Dünya ölkələrindəki əmək haqlarına nəzər saldıqda, məlum olur ki, bir sıra ölkələrdə müəllimlərin maaşı Azərbaycanla müqayisədə təxminən, 10 dəfə artıqdır. Qeyd edim ki, ölkəmizdə müəllimlərin maaşı onların təhsil səviyyəsi və iş stajlarına görə dəyişir. Burada bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması da önəm kəsb edir. Qeyd edim ki, müəllimlərin sonuncu əməkhaqqı artımı 2022-cu ildə baş verib. Bu artımdan sonra rəqəmləri ümumiləşdirsək, müəllimlərin 300-600 manat əməkhaqqı aldığı məlum olur.
Bizim ibtidai sinif müəllimləri əziyyətlərinin müqabilində çox az əmək haqqı alırlar.
Yaponiyada müəllim dövlət qulluqçusu statusu daşıyır. Yeni başlayan ibtidai sinif müəllimi aylıq 2 min dollar maaş alır. 25 illik iş stajı olan müəllim isə 65 yaşında təqaüdə çıxır. Amma orada nazirləri ibtidai sinif müəllimlərini təhqir etmir, onların əməkhaqqına göz dikmir”.