SOS!  - Narkomaniya və kriminal məktəblərə ayaq açıb! – Nə etməli?


"Son zamanlar məktəblərdə baş verən neqativ hadisələrin qarşısı vaxtında alınmasa, bunun nəticələri hər birimiz üçün ağır olacaq".
Bu sözləri "Sherg.az"a təhsil eksperti  Elşən Ramizoğlu məktəblərə ayaq açan narkomaniya və kriminal hadisələrdən danışarkən bildirib .
Onun sözlərinə görə, hər bir məktəbin fəaliyyət planında narkomaniyaya qarşı mübarizə tədbirləri görülməlidir:
"Hesab edirəm ki, şagirdləri narkotik aludəçiliyindən qorumaq üçün tək məktəblə kifayətlənməməliyik. Məktəblə valideyninin qarşılıqlı əlaqəsi olmalıdır. Şagird səhər məktəbə gəlir, günorta evə dönür. Beləliklə də, bundan sonra bir çox proseslər baş verir. Həm müəllim, həm sinif rəhbəri, həm direktor, həm də pisxoloqlar şagirdlərlə fərdi və qrup şəkilində söhbətlər aparmalıdırlar. Onların şagirdlərin şəxsiyyəti və həyat fəaliyyəti barədə məlumatlar toplamalıdırlar. Uşaqların davranışlarını müşahidə edib, onlara dərhal yardım göstərməlidirlər". 

Ekspert onu da əlavə edib ki,  bu kimi xoşagəlməz hallar çox vaxt valideyn diqqətsizliyindən dolayı baş verir:

"Valideynlər övladlarının kimlərlə dostluq etdiyinə,  hara getdiyinə və yaxud cib xərcliyini hara xərcləndiyinə nəzarət etməlidirlər. Bəzən valideynlər övladlarını ərkəsöyün yetişdirir. Onlara çoxlu miqdarda pul verirlər. Təbii ki, bu zaman  şagirdlər istədiyini əldə edə bilirlər. Nəticədə bir çox zərərli vərdişlər onlara daha əlçatan olur. O zaman ayılıb görürük ki, artıq şagird narkotik və ya başqa zərərli vərdişlərə qurşanıb. Ona görə də həm məktəb, həm də valideyn qarşılıqlı olaraq hüquq -mühafizə orqanları ilə əməkdaşlıq etməlidirlər. Bu kimi istənilməyən məsələlərdə şagirdlər hər zaman diqqət mərkəzində olmalıdırlar.  Son vaxtlar görürük ki, şagirdlər evdə və ya məktəbdə dostları ilə danışarkən “Özümü öldürəcəm, səni öldürəcəm” kimi  aqressiv danışdıqda onların hal və hərəkətlərini daha çox nəzarətdə saxlamalıyıq. Əks təqdirdə gec ola bilər”. 

Şagirdlərin məktəbə soyuq silah gətirməsi hallarına gəlincə, E.Ramizoğlu vurğulayıb ki, bu prosesdə sinif rəhbəri çox diqqətli olmalıdırlar:

“Bu kimi hallarda məktəbin direktor və müavinləri mühüm rol oynayırlar. Bəzən sinifdə mütəmadi olaraq şagirdlərin çantası yoxlanılmalıdır.  Son hadisələri nəzərə alaraq bu prosesdə məsuliyyəti olan hər kəs diqqətli olmalıdır. Əksər halda daha böyük problemlərlə üzləşəcəyik”.

Qeyd edək ki, son zamanlar sosial mediada narkomaniya və kriminal hadisələrin orta məktəblərə ayaq açmasına dair foto və ya videolar paylaşılır. Bu hal sosial şəbəkələrdə, eləcə də ölkə ictimaiyyətində ciddi müzakirə və narahatlıqlara səbəb olur.   

Şərqiyyə NƏBİ