Nazirlik son sözü dedi

Bütün şagirdlər məktəbə yeni geyim formalarında getməlidir

Elçin Əfəndinin sözlərinə görə, sonuncu geyim formasının üçillik olması valideynlər üçün maddi baxımdan yaxşı haldır
 
 
Yeni tədris ilindən etibarən şagirdlərin ümumi təhsil müəssisələrinə məktəbli formasından fərqli geyimdə getməyinə icazə verilməyəcək. 2022-2023-cü tədris ilində əvvəlki geyim formalarında gələn şagirdlərə güzəşt edilsə də, cari dərs ilində bütün şagirdlərdən məktəbə yeni geyim formalarında gəlmələri tələb ediləcək.
  
Hər il məktəbli formalarının yenilənməsi ilə bağlı qərarların verilməsinin xoşagəlməz olduğunu vurğulayan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, sonuncu geyim formasının üçillik olması valideynlər üçün  maddi baxımdan yaxşı haldır: “Bilirsiniz ki, əvvəlki tədris illərində hər il məktəbli formalarının yenilənməsi ilə bağlı qərarlar verilir, bu da haqlı olaraq valideynlər arasında narazılıqla qarşılanırdı. Ötən il verilən qərarla formaların üç ildən bir dəyişilməsi öz təsdiqini tapdı. Bu nöqteyi-nəzərdən sözügedən qərarı müsbət qiymətləndirə bilərik ki, ən azı  şagirdlər bu il aldıqları formanı gələn il də geyinə biləcək. Hətta keçən ildən öz övladları üçün məktəbli forması alan valideynlər bu il həmin xərcdən azad olacaq.

Qeyd etdiyim kimi, Nazirlər Kabinetinin vahid  məktəbli geyimləri ilə bağlı müvafiq Qərarı  2022-2023-cü tədris ilindən tətbiq edilməyə başladığı üçün  ötən il yeni formanı alan şagirdlər bu il də həmin geyimdən istifadə edə biləcəklər”.

Ekspertin sözlərinə görə, hazırda formalarla bağlı qabardılan  məsələ qiymətlərlə bağlıdır. Yaxşı olardı ki, qiymətlər hamı üçün əlçatan olsun. Ölkəmizdə bu dəstləri almağa yetməyəcək qədər maddi vəziyyəti aşağı olan ailələr var: “Məsələn, bir nəfər övladını məktəb geyimi ilə təmin etmək üçün 20-30 manat xərc çəkməyi düşünürsə, formalara qoyulan qiymət buna imkan verməyəcək. Bilirsiniz ki, vahid məktəbli formalarının qiyməti 70-80 manata qədər qalxır. Bu hal da təbii olaraq valideynləri narahat edir. Əhalinin gəlirlərinin azaldığı və xərclərinin artdığı dövrdə məktəbli formalarının bu qədər baha olması düzgün deyil. Ya  formalarla bağlı məcburiyyət  aradan qaldırılmalıdır, ya da qiymətlər hamının cibinə uyğun məbləğə satılmalıdır. Ötən il vahid məktəbli formaları ilə bağlı güzəşt olduğu üçün maddi durumu aşağı olan valideynlər övladlarını köhnədən qalan geyimlə yola saldılar”.