"Xaricdə yaşayanlar üçün onlayn Azərbaycan dili dərsinin keçirilməsi yaxşı təşəbbüsdür".
Bunu "Sherg.az"a təhsil eksperti, fəlsəfə doktoru Rafiq İsmayılov xaricdə yaşayanlar üçün onlayn Azərbaycan dili dərsinin keçirilməsindən danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycan dilinin ikinci və ya xarici dil kimi öyrədilməsi ənənəsi bir az zəifdir:
"Hansı vəsaitlər əsasında dərslərin keçiriləcəyini bilmirik. Amma müsbət addımdır. Çünki dünyanın hər yerində onlayn təhsil formatından istifadə edilir. Azərbaycan da bundan yararlanır. Həqiqətən, xaricdə yaşayan həmyerlilərimizin uşaqları, indiki nəsil öz dilimizdə yaxşı danışa bilmir. Ona görə də təbliğatın aparılması çox yaxşıdır".
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində Azərbaycan dili və ədəbiyyatı forumu keçirilib. Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu tədris ilindən etibarən, xarici ölkələrdə yaşayanlar üçün onlayn Azərbaycan dili dərsi keçiriləcək.