Əməkhaqqı 830 manat oldu - Müəllimliyə maraq artır

Ölkədə fəaliyyət göstərən müəllimlərin orta aylıq əməkhaqqısı açıqlanıb.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə məlumat verib.
  
Onun sözlərinə görə, bu ilin sentyabr ayı üçün bu vəsait 830 manat təşkil edib: “Təbii ki, hər il sertifikatlaşdırma imtahanları keçirilir və müəllimlərin əməkhaqlarına əlavələr olunacaq”.
  
Qeyd edək ki, 2023-cü ilin fevral ayında müəllimlərin orta aylıq əməkhaqqı 790 manat olub.
  
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən  təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllimlik peşəsinə maraq hər keçən gün daha da artır. Buna bir neçə amil təsir göstərir: 

“Dövlət tərəfindən müəllimlik ixtisasına 500 baldan yüksək balla qəbul olan tələbələrə aylıq əlavə təqaüdlərin verilməsi, həmçinin işə qəbul prosesinin şəffaflaşdırılması  müəllimlik peşəsinə marağın artmasına səbəb olub. Biz hətta görürük ki, Dövlət Qulluğuna qəbulla müqayisədə Müəllimlərin İşə Qəbul üçün imtahan verənlərin sayı sürətli şəkildə artmaqda davam edir. Son iki ildə müəllim olmaq üçün imtahanda iştirak edənlərin sayı 60000 nəfərdən çoxdur. Bu rəqəmlər çox ciddi rəqəmlərdir. Müəllimlik peşəsinin  orta əməkhaqqısı artaraq 1000 manata yaxınlaşıb. Bu gün 1500-1600-dən çox əməkhaqqı alan müəllimlərimiz var. Bu peşə hazırda əməkhaqqı baxımından digər peşələrdən heç də geri qalmır. Gələcəkdə prosedurların da təkmilləşməsi bu peşəni seçənlərin daha da artmasına müsbət təsir göstərəcək. Təkcə sertifikasiyadan keçməyən 740-dan çox müəllim var idi. Onların yerini daha savadlı gənclər alacaq”.