Təhsildə uğurlu islahatlar!

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin ləğv edilməsi doğru qərardır

  Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin ləğv edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilib:
  Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edilsin.
  “Bakı şəhərində körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 11 may tarixli 635 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 428) 2-ci hissəsi ləğv edilsin.
  Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
  Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən təhsil eksperti Nabatəli Qulamoğlu bu məsələnin çox uzun tarixi olduğunu bildirib: 

“O vaxt Misir Mərdanovla Ramiz Mehdiyev arasında ciddi münaqişə var idi. İctimaiyyət bu məsələlərdə Misir Mərdanovu təqsirləndirirdi. Misir Mərdanov isə bütün günahın İcra Aparatında olduğunu vurğulayırdı. Bu münaqişənin son nəticəsində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin səlahiyyəti Təhsil Nazirliyinin əlindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə verildi. Bakı Şəhər İcra Hakimiyyəti pedaqoji fəaliyyətlə məşğul olmayan bir qurumdur. Buna görə sözügedən müəssisələrdə vəziyyət daha da pisləşdi. Qərardan sonra onlarda korrupsiya daha da artdı. Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyindəki müəssisələrin sonluğunun belə olması gözlənilən idi. Təhsildə islahatların aparılması çox gözəl haldır. İstənilən sahədə aparılan düzgün islahatlar inkişafa aparır. Bu qərarın da düzgün seçim olduğunu düşünürəm”.