Vergi Məcəlləsinə dəyişiklik aparılmasını təklif edəcəyik.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda məlumat verib.
"İstehsalata cəlb olunan tələbələrin aldıqları müavinətlərə müəyyən vergi güzəştlərinin tətbiq edilməyini istəyirik. Bu, gəlir kimi yox, xərc kimi qeydə alınmalıdır. Elə edilməlidir ki, müəssisələr də gənc kadrları cəlb etməkdə maraqlı olsunlar. Hazırda özəl müəssisələr tələbələri istehsalat təcrübəsinə cəlb etməkdə maraqlı deyillər" - o qeyd edib.
Məsələyə münasibət bildirən təhsil eksperti Elmin Nuri “Sherg.az” a bildirib ki, bu təklif ağlabatan və zəruridir:
“Əslində bu istiqamətdə çoxdan addımlar atılmalı idi. Çünki son illər peşə təhsili ən öndə olan sahələrdən biridir. Peşə təhsilinin inkişafı göz önündədir. Bu istiqamətdə görülən işlər mütləq vurğulanmalıdır. Peşə təhsilini inkişaf etdirmək, gəncləri cəlb etmək üçün müəyyən addımlar atmalıyıq. Günümüzdə bu sahə əmək bazarına daha praktiki və real cavab verən bir istiqamətdir. Bura nə qədər gənc cəlb olunarsa, bir o qədər əmək bazarının zəruri yönləri ilə bağlı kadr təminatımız artacaq. Böyük peşə tədris məktəblərinin illik hesabatlarına baxdıqda bunu görmək mümkündür. Onlar istehsalat müəsisələri ilə əməkdaşlıq edir. Müəyyən ixtisaslar üzrə oxuyan gənclər həmin istehsalat müəsisələrində təcrübə keçir və əməkhaqqı alırlar.Ceyhun Kərimovun dediyi kimi müəsisələrin bu işə maraqlı olması üçün müəyyən vergi güzəştləri aparılmalıdır. Müəsisələrin daha çox cəlb edilməsinə şərait yaratmaq üçün bu təklif mütləq nəzərə alınmalıdır".