Elmi tədqiqatçılar indidən Xankəndinə cəlb edilməlidir -Şərh

Doktorantura səviyyəsi üçün bu aydan Qarabağ Universitetində plan yeri açılmalıdır. 


“2024-cü ilin sentyabr ayında Qarabağ Universitetinin fəaliyyətə başlaması təkcə təhsil üçün yox, Qarabağ bölgəsinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən məsələdir”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 
Ekpert  həmçinin 2024-cü ilin sentyabr ayına qədər görülməsi zəruri olan işlərdən danışıb: 

“ Bilirəm ki, müvafiq dövlət qurumları bu istiqamətdə işlər görəcək, lakin mən də kömək edəcək təklifləri verməyi düşünürəm.
Hörmətli Elm və Təhsil Naziri Emin Əmrullayev son mətbuat konfransında ilkin mərhələdə fəaliyyətinə başlamağı planlaşdırılan ixtisasları açıqladı. Bu ixtisaslar isə bakalavr pilləsinə qəbul olmaq üçün idi. Ancaq bakalavriat səviyyəsində tədrisin təşkili üçün orada lazımı kadr potensialı olmalıdır. Düşünürəm ki, cari ilin doktorantura səviyyəsi üçün elə dekabr ayında Qarabağ Universitetinə plan yeri açmaq və elmi tədqiqatçıların indidən ora cəlbini təşkil etmək hədəflənməlidir. 
Bundan sonra bakalavr pilləsinə qəbula qədər magistratura pilləsinə qəbul həyata keçirilməlidir ki, ən kiçik qruplarda tədrisin təşkili ilə mövcud resursları toplamaq mümkün olsun. 4 gündür ki, Xankəndi Pedaqoji İnstitutunun infrastruktur və resurslarını erməni mənbələrindən çox yaxından araşdırıram.  Sonuncu dəfə bu universitetdə 3 min tələbə təhsil alıb. Universitetin yaxşı yataqxanası, kitabxanası, kompüter otaqları, laboratoriyası və online-distant tədrisin təşkili üçün avadanlıqları var. 
Bizim görməli olduğumuz işlər əsasən orada kitabxana fondunun tamamilə yenilənməsi, yataqxana infrastrukturunda kiçik təmir işlərinin görülməsi və laboratoriyaların yenilənməsi istiqamətində olmalıdır”. 

K. Əsədov onu da deyib ki, Xankəndi Pedaqoji İnstitutu Azərbaycanın mülkiyyətidir, 1969-cu ildən 1988-ci ilə qədər təhsil alan tələbələrin, professor müəllim heyətinin böyük əksəriyyətini Azərbaycanlılar təşkil edib. Oranın hər daşı, taxtası, şüşəsi, mismarı bizim halal materiallardır:  
“İnşallah ki, 2024-cü ildə Qarabağ Universitetinin auditoriyalarından yenidən Azərbaycanlı tələbələrin səsləri gələcək, onların oradan fotolarını, videolarını bəyənəcəyik, görəcəyik”.