Təhsilə şou xarakterli əyləncələrin gətirilməsi qorxuludur - ŞƏRH

Belə davranışlara o zaman müsbət rəy bildirmək olar, nə zamanki bu, tədrisə dəstək elementi kimi çıxış edəcək və şagirdlərin marağına səbəb olub, onlara faydası toxunacaq


İbtidai sinif müəllimi hər dərs gününü şagirdləri ilə birlikdə məktəbin həyətində rəqs etməklə başlayır. Müəllimin və şagirdlərin rəqsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb və əksəriyyət tərəfindən bəyənilib. Söhbət Türkiyənin Kayseri bölgəsi, Mərkəz Qocasinan əyalətinə bağlı Osman Zəki Yücəcan ibtidai təhsil məktəbinin sinif müəlimi Şulə Yüksəldən gedir. 


Bu barədə Türkiyənin “sabah.com” saytı məlumat dərc edib. Məlumatda bildirilir ki, ibtidai sinif müəllimi Şulə Yüksəl hər dərs günü zəng çalınmazdan öncə şagirdlərə idman hərəkətləri etdirir. Bunu musiqi sədalarında altında gerçəkləşdirməsi isə xüsusi rəng qatır.  Şagirdlər dərsdən əvvəl “oynayacaqlarını”, rəqs edəcəklərini bildiklərindən məktəbə həvəslə gəlirlər. Dərsdən öncə musiqili idman uşaqların çox xoşuna gəlir və onlar önlərində dayanan müəllimin hərəkətlərini şövqlə, gülərüzlə təkrarlayırlar. Bu mərasim uşaqların sevincinə səbəb olur və onlarda məktəbə meyli güclənidirir, dərsə enerjili, gümrah başlamalarına səbəb olur.  Sosial şəbəkələrdə yayılan görüntülər  qısa zamanda populyarlıq qazanıb.  Şule Yüksəl “sabah.com” əməkdaşına açıqlamasında bildirib ki, musiqinin müşayətiylə idman hərəkətlərinin yerinə yetirilməsi Milli Təhsil Nazirliyinin şagirdlərin sağlamlığına faydalı təlimlərlə bağlı tövsiyələrinə daxildir. Çalışdığı məktəbdə də o, sinif müəllimi kimi bunu hər dərs gününün başlanğıcında yerinə yetirmək qərarı verib. Uşaqların musiqili idmana həvəsini gördükdə, bunu ənənəyə çevirib. Sosial şəbəkələrdə yayaılan görüntülərdə də uşaqların bu hərəkətləri necə həvəslə, sevərək yerinə yetirdiyi görünür. Müəllim deyib ki, musiqinin, idmanın, sənətin uşaqların fiziki və mənəvi inkişafında əhəmiyyəti böyükdür. Uşaqlar həm idman edir, həm musiqi dinləyir, nəticədə dərslərə daha enerjili, həvəslə başlayırlar. 


Təhsil məsələləri üzrə ekspert Elmin Nuri “Sherg.az”a açıqlamasında qeyd etdi ki,  müxətlif sosial şəbəkələrdə, Tiktok platformasında, istər ölkəmizdə, istərsə də xarici ölkələrdə buna bənzər nümunələrlə tez-tez rastlaşırıq. Müəllimlər qismən əyləncəli metodlardan istifadə etməklə şagirdlərdə dərsə maraq oyatmağa çalışırlar. Amma bu da qaydasında olmalıdır: 

- Şagirdləri həvəsləndirməyin müxtəlif variantları var. Son  illər bizim ölkəmizdə də bu cür nümulər görütük. Burada əsas məsələ pedaqoji qaydaların pozulmamasıdır. Əyləncəli metodlar o zaman müsbət qarşılanır və dəstəklənir ki bu, pedaqoji işin dəstəkçisi kimi çıxış etmiş olsun. Əgər şou elementi kimi çıxış edəcəksə, əlbəttə, qəbulolunmazdır. Müşahidələrim bunu deməyə əsas verirki, bizdə bu, daha çox şou xarakteri daşıyır. Düzdü, xarici ölkələrdə də belə hallara rast gəlinir. Amma bizm müəllimlərdə yamsılamaq, təqlid etmək daha çox özünü göstərir. Əyləncədə tədrisə, pedaqoji işə kömək elementi deyil, şou elementi önə çıxır. Hər hansı davranışda səmimilik varsa, aydın təzahür edirsə, o alqışlanmalıdır. Belə davranışlara o zaman müsbət rəy bildirmək olar, nə zamanki bu, tədrisə dəstək elementi kimi çıxış edəcək və şagirdlərin marağına səbəb olub, onlara faydası toxunacaq. Əks halda, təhsilə şou xarakterli əyləncələrin gətirilməsi tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.