İranın Marağa şəhərində güclü qasırğa nəticəsində modul tipli məktəb aşıb və tamamilə yararsız hala düşüb. Müəllimlər və şagirdlər arasında xəsarət alanlar var. “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Marağa şəhər Təhsil İdarəsinin müdiri Hüseyn Əkbərian bildirib. Onun sözlərinə görə hadisə nəticəsində ümumilikdə altı nəfər yaralanıb. Onlardan üç şagird xəstəxanaya yerləşdirilib, iki şagird və bir müəllim ambulator müalicədən sonra evə buraxılıb. Qeyd edilib ki, şiddətli qasırğa Marağanın bir sıra kəndlərində evlərə də ciddi ziyan vurub.
İndiki dövrdə Azərbaycanda modul tipli məktəblərin sayı kifayyət qədərdir. Bəs ani baş verən təbii fəlakətlər zamanı bu məktəblər nə dərəcədə dayanıqlıdır?
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, modul tipli məktəblər Avropa, Asiya və bir çox ölkələrdə tətbiq olunur:
"Bu iqtisadi və sosioloji baxımdan əlverişli layihə hesab olunur. Lakin nədənsə modul tipli məktəb dedikdə, ağıla infrastruktur cəhətdən zəif, Allahın ümidinə qalan bir tikinti kimi fikirlər gəlir. Bu cür baxça və məktəblər mobilliyinə, həcminin kiçikliyinə görə fərqlənir. Dünya təcrübəsində modul tipli təhsil müəsisələrinə qoyulan təhlükəsizlik tələbləri yüksəkdir. Bir çox ölkələrdə təbii fəlakətlər baş verir. Təbii fəlakətlər nəinki, bu tip, normal məktəbi və yaşayış obyektini də iflic etmək qabiliyyətinə malikdir. Bu tikintilərin çürüməyə, nəmlənməyə davamlılığı nəzərə alınır. Azərbaycanda birinci dəfə 232 modul tipli məktəbin tikintisi nəzərdə tutuldu. Layihə həyata keçirildi və böyük uğur qazandı. Burada əsas məsələ temperaturun düzgün tənzimlənməsidir. Bir sözlə, günümüzdə modul tipli məktəblərin varlığı vacibdir. Təbii fəlakətlər isə qaçınılmazdır.Bu səbəbdən tikinti ilə bağlı layihəni inkişaf etdirməliyik".