Tovuz rayonu Məharət Məmmədov adına Qovlar şəhər humanitar təmayüllü məktəb-lisey kompleksinin təqaüdə çıxan direktoru Fatma Allahverdiyevanın yolasalma mərasimindən yayılan görüntülər böyük marağa səbəb olub.
Təqaüdə çıxması ilə əlaqədar məktəb-liseydə F.Allahverdiyeva ilə vida görüşü keçirilib.
Tədbirdə çıxış edən məktəb-liseyin rəhbərliyi və müəllimləri F.Allahverdiyevanın fəaliyyətindən söz açıb, onun işgüzar rəhbər və təcrübəli pedaqoq olduğunu vurğulayıblar. Qeyd olunub ki, F.Allahverdiyevanın rəhbərlik etdiyi dövrdə məktəb-liseyin təhsil göstəricələri yüksəlib, buranın məzunu olan yüzlərlə şagird Azərbaycan və xarici ölkələrin ali məktəblərinə daxil olublar.
Qeyd edək ki, kollektivin böyük coşğu ilə yola saldığı F.Allahverdiyeva 38 il pedaqoji fəaliyyətlə məşğul olub. O, 12 il idi ki, Məharət Məmmədov adına Qovlar şəhər humanitar təmayüllü məktəb-lisey kompleksinin direktoru idi.
YAP-ın üzvü olan F.Allahverdiyeva partiyanın həyatında aktiv iştirakına və 65 illik yubileyi münasibəti ilə təltif olunub.
Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a bildirib ki, hazırda ölkənin 4432 ümumi orta təhsil məktəbində 150 min müəllim çalışır:
“Hər il bu və ya digər fənnlər üzrə ümumilikdə 4 minə yaxın müəllim çalışmasının sonuna çatır. Əmək məcəlləsinə görə 65 yaş olmuş müəllimlər ilə bağlanmış müqaviləyə xitam verilir. Son iki il ərzində orta ümumi təhsil məktəblərində bir neçə yaxşı ənənə yaranıb. Bir sıra məktəblərdə müəllimlər və şagirdlər uzun müddət orta ümumi təhsil məktəblərində çalışmış və kifayət qədər müsbət imici olan müəllimlərin yola salma mərasimlərini təşkil ediblər. Bu yaxşı bir haldır. Avropa, Amerika, Cənubi Koreya və Sinqapur ölkələrində gördüyümüz bir təcrübədir. Müəllimlər öz həmkarlarına, iş yoldaşlarına uzunmüddət onlar ilə çalışdıqlarına, şagirdlərə dərs keçdiyi müddət ərzində vicdanlı və ədalətli olduğuna görə təşəkkür edirlər. Müəllim nüfuzu deqradasiyaya uğrayıb. Bunun əsas səbəbi isə müəllimlərin bu və ya digər formada cəmiyyətdə xoşagəlməz hadisələrin iştirakçısı olması ilə bağlı ola bilir. Məhz yola salma mərasiminin təmtəraqlı keçirilməsi müəllim nüfuzuna müsbət təsir göstərən amildir. Bu gün bu tipli tədbirlərin keçirilməsi müəllimin nüfuzunu qaldırır. Məktəb direktorları bu kimi addımları daha da çoxaltmalıdırlar. Məktəb və pedaqoji fəaliyyətində seçilən müəllimlər mütəmadi olaraq təbliğ olunmalıdır. Onların cəmiyyətə tanıdılmasına, işgüzar fəaliyyətlərini başa vurandan sonra təmtəraq ilə yola salınması mütəmadi olaraq həyata keçirilməlidir. Mən Fatma Allahverdiyeva xanımı yaxşı müəllim olduğuna görə təbrik edir və təşəkkürlərimi bildirirəm. Fatma müəllimə digər müəllimlərədə nümunə olmalıdır. Azərbaycan müəllimi öz peşə və nüfuzunu yüksəltməkdə maraqlı olmalıdırlar. Fatma müəllimə isə bunların hər birini yerinə yetirib. Fatma müəllimə kimi müəllimləri biz hər zaman diqqətda saxlamalıyıq”.