21 apel 2024-cü il tarixində Bakı şəhərinin Xəzər (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MR, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 203 imtahan binası, 3510 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 571 imtahan rəhbəri və ümumi rəhbər, 4323 nəzarətçi, 619 buraxılış rejimi əməkdaşı (mühafizə), 203 bina nümayəndəsi ayrılıb.
İmtahanda 46169 şagirdin iştirakı gözlənilirdi.
İmtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak ediblər. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı, 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
***
06:55
Aprelin 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Sumqayıtda (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi ümumi təhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir, Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması “Azneft” İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilir.
Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, imtahanda 46169 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Respublikanın 25 şəhər və rayonunda təşkil edilən imtahan üçün 203 bina, 3510 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 571 imtahan rəhbəri və ümumi rəhbər, 4323 nəzarətçi, 619 buraxılış rejimi əməkdaşı (mühafizə), 203 bina nümayəndəsi cəlb edilib.
Bugünkü imtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin olunub.